Ukrayna üçün həyəcan təbili: Tramp geri çəkilir? – ÖZƏL

ABŞ-də noyabr seçkiləri ərəfəsində Donald Trumpın Ukrayna-Rusiya danışıqlarından geri çəkilə biləcəyi barədə məlumatlar yayılıb. Dünya mediası bunun sülh prosesini risk altına sala biləcəyini yazır.
Zelenski isə Kiyevin güzəştə hazır olduğunu və müharibənin uzadılmasında maraqlı görünməmək üçün diplomatik təşəbbüsləri dəstəklədiyini bildirib.

Trampın mümkün geri çəkilməsi sülh prosesinə real olaraq necə təsir göstərə bilər? Zelenskinin güzəşt mesajları real kompromisə hazırlıqdır, yoxsa diplomatik taktika?

"Rusiya-Ukrayna münaqişəsi artıq regional çərçivəni aşaraq qlobal xarakter almaqdadır. Bu, təkcə iki ölkə arasında baş verən qarşıdurma deyil, faktiki olaraq Rusiya ilə Qərb, daha konkret desək, Rusiya ilə NATO arasında gedən bir savaş kimi qiymətləndirilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, uzun müddətdir ki, başda ABŞ olmaqla Qərb koalisiyasının Rusiyanı belə bir münaqişəyə cəlb etmək istiqamətində fəaliyyət göstərdiyi iddia olunur. Rusiya ətrafında baş verən "rəngli inqilablar" nəticəsində Qərbə yaxın hakimiyyətlərin formalaşdırılması və həmin dövlətlərin Moskvaya qarşı istifadə edilməsi də bu yanaşmanın tərkib hissəsi kimi təqdim olunur. Bütün bunların fonunda münaqişə getdikcə daha qlobal prosesə çevrilir. Artıq Rusiya-Ukrayna müharibəsi dünya iqtisadi və siyasi sisteminə ciddi təsir göstərməkdədir. Donald Trampın hakimiyyətə gəlməsi ilə taktiki gedişlərdə müəyyən fərqli addımların atıldığı müşahidə olundu. İlk baxışdan Tramp münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edir, hətta proseslərdən geri çəkilmək niyyətinə dair açıqlamalar səsləndirirdi. Lakin məsələ ondadır ki, Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin strateji planının tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ-də kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu strategiyanın qorunacağı düşünülür. Sadəcə olaraq, taktiki gedişlərdə fərqli yanaşmalar tətbiq oluna bilər.

Ekspert qeyd edib ki, Trampın siyasətində də strategiyanın qorunması ilə yanaşı, taktiki fərqliliklər görünür. Məqsədin Rusiya-Ukrayna münaqişəsini Avropa ilə Rusiya arasında uzunmüddətli qarşıdurmaya çevirmək və bu prosesi uzatmaq olduğu iddia edilir. Çünki ABŞ və NATO üçün Rusiya rəqib və təhlükə yaradan dövlətdir. Bu baxımdan ABŞ-nin dünyada müəyyən qaydalara əsaslanan sistem qurmaq və ona nəzarət etmək məqsədilə Rusiyanı münaqişəyə cəlb etməklə onun hərbi gücünü zəiflətmək və siyasi arenada təcrid etmək istədiyi bildirilir. Trampın apardığı "sülh siyasəti" isə daha çox taktiki və görüntü xarakterli addım kimi dəyərləndirilir. Nəticə etibarilə, münaqişənin uzunmüddətli olması ABŞ-nin maraq dairəsinə uyğun hesab olunur. Qeyd edildiyi kimi, Tramp sülh görüntüsü yaratsa da, ABŞ daxilində seçki prosesi ilə əlaqədar müəyyən manevrlər edir. Bu münaqişə ABŞ-nin strateji planının bir hissəsi kimi qiymətləndirildiyindən, daxili auditoriyaya və siyasi elitaya yönəlik fərqli mesajlar verilir. Aralıq seçkilərdə qalib gəlmək üçün Respublikaçılar Partiyası fəallıq nümayiş etdirir.

"Ümumilikdə isə ABŞ-nin həm xarici, həm də daxili siyasətində əsas strateji xəttin qorunduğu bildirilir. İstər demokratlar, istərsə də respublikaçılar hakimiyyətdə olsun - ABŞ-nin qlobal mövqeyinə təhlükə yaradan amillərin aradan qaldırılması prioritet hesab olunur. Münaqişə Co Baydenin prezidentliyi dövründə başlasa da, Trampın da bu prosesin fərqli formada uzadılmasını davam etdirə biləcəyi vurğulanır. Açıq şəkildə maliyyə dəstəyi göstərilməsə belə, ABŞ-nin irəli sürdüyü təşəbbüslərin Ukrayna tərəfindən qəbul edildiyi bildirilir. ABŞ-nin müşavirlərinin Ukrayna prezidenti Volodimir Zelenskiyə təlimat verdiyi, onun Vaşinqtonun iradəsindən kənar addım atmadığı iddia olunur. Zelenski ilə Trampın münasibətlərinin həm görünən, həm də görünməyən tərəflərinin olduğu qeyd edilir. Görünən tərəf ondan ibarətdir ki, ABŞ guya münaqişədən geri çəkilir. Lakin iddialara görə, əslində məqsəd münaqişəni Avropanın iştirakı ilə uzunmüddətli fazaya keçirməkdir. Məqsəd ABŞ-nin maraqlarını qorumaq və təhlükə yaradan amilləri zəiflətməkdir", - deyə siyasi şərhçi vurğulayıb.

Ekspertin sözlərinə görə, cəmiyyət daxilində isə münaqişənin uzanması müəyyən narazılıqlar yaradır. Çünki Rusiya-Ukrayna müharibəsi dünya iqtisadi və siyasi sistemində ciddi sarsıntılar doğurur. Bununla belə, münaqişənin uzanmasının ABŞ-nin hərbi, siyasi və iqtisadi maraqlarına xidmət etdiyi düşünülür. Bu baxımdan, yaxın zamanda münaqişənin sülh yolu ilə həll olunacağına dair ümidlərin az olduğu bildirilir. Xatırladılır ki, 2022-ci ilin ortalarında İstanbulda müəyyən razılaşma təşəbbüsləri olmuşdu. Lakin həmin razılaşmanın həyata keçirilməsinə imkan verilmədiyi və nəticədə ən böyük zərəri Ukrayna xalqının çəkdiyi qeyd olunur. Beləliklə, Rusiya-Ukrayna münaqişəsi uzunmüddətli və əvvəlcədən planlaşdırılmış bir ssenarinin tərkib hissəsi kimi təqdim edilir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31