Prezident İlham Əliyevin sülhpərvər siyasətinin real nəticəsi: Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanı kimi

Bəzən beynəlxalq mükafatlar sadəcə təltif aktı olmur. Onlar müəyyən siyasi kursun, dəyərlər sisteminin və dövlət strategiyasının dünyada qəbul edildiyinin göstəricisinə çevrilir. Prezident İlham Əliyevin Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də məhz belə əlamətdar hadisələrdəndir. Bu mükafat Azərbaycanın son illərdə formalaşdırdığı humanitar və sülhpərvər siyasətin beynəlxalq miqyasda tanınmasının təsdiqidir.

Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafat sülh, tolerantlıq, dinlər və mədəniyyətlər arasında anlaşma ideyalarını təşviq edən şəxslərə təqdim olunur. Prezident İlham Əliyevin həmin siyahıda yer alması dövlətimizin həyata keçirdiyi siyasətin dünyada etibarlı və nümunəvi model kimi qəbul edildiyini nümayiş etdirir. Çünki həmin siyasət milli maraqlarla yanaşı, regional sabitliyə və qlobal əməkdaşlığa xidmət edən məsuliyyətli yanaşmaya əsaslanır.

Azərbaycan uzun illərdir ki, multikultural mühit, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması baxımından fərqli model ortaya qoyur. Müxtəlif konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması artıq cəmiyyətin həyat tərzinə çevrilib. "İnsan qardaşlığı" anlayışı bu siyasətin təməlində dayanan əsas ideyadır. Əbu-Dabidə keçirilən mərasimdə dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, bu yanaşma yalnız daxili siyasətin elementi deyil, eyni zamanda xarici siyasətin də prioritet istiqamətidir. Prezident İlham Əliyevin çıxışında diqqət mərkəzində olan mövzu regionda sülhün bərqərar olunması idi. 30 ildən artıq davam edən Qarabağ məsələsi dövründən sonra yeni mərhələyə keçid artıq reallığa çevrilir. Bu amillər yalnız diplomatik bəyanat deyil, konkret addımlarla müşayiət olunan prosesdir.

Prezident İlham Əliyevin mərasimdəki çıxışında qeyd etdiyi kimi, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Sülh sazişinin paraflanması, qarşılıqlı təmasların artması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası regionda yeni siyasi atmosfer formalaşdırır. Bu isə uzun illər davam edən qarşıdurmanın yerini əməkdaşlıq mühitinin tutduğunu göstərir. Dövlətimizin başçısının "Biz sülh şəraitində yaşamağı öyrənirik" fikri bütöv bir dövrün dəyişməsini ifadə edən siyasi etiraf kimi dəyərləndirilir. Çünki sülh təkcə silahların susması deyil, həm də etimadın yenidən qurulması deməkdir.

Yeni mərhələnin əsas xüsusiyyəti münasibətlərin praktik müstəvidə inkişaf etməsidir. Yük daşımalarının açılması, enerji məhsullarının ixracı, ticari əlaqələrin genişləndirilməsi qarşılıqlı asılılıq yaradır və münaqişə risklərini minimuma endirir. Bu amil müasir diplomatiyanın ən effektiv mexanizmidir, iqtisadi əməkdaşlıq siyasi sabitliyi möhkəmləndirir. Azərbaycanın atdığı addımlar da məhz həmin məntiqə əsaslanır. Yəni sülh artıq yalnız siyasi sənəd deyil, real iqtisadi və humanitar münasibətlər sistemi üzərində qurulur.

Mərasimin keçirildiyi məkan da xüsusi məna daşıyır. Əbu-Dabi bu gün yalnız iqtisadi inkişaf nümunəsi deyil, həm də dialoq və anlaşma platforması kimi tanınır. Son danışıqların məhz burada aparılması və sülhə aparan razılaşmanın bu şəhərdə əldə olunması təsadüfi deyil. Həmin fakt Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında mövcud olan etimada əsaslanan münasibətlərin real nəticələr verdiyini göstərir. Dostluq artıq siyasi bəyanat səviyyəsində deyil, konkret təşəbbüslərlə təsdiqlənir.

Azərbaycan təkcə enerji layihələri və nəqliyyat marşrutları ilə deyil, həm də sülh təşəbbüsləri ilə tanınır. Regional sabitliyə töhfə verən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunur. "Zayed İnsan Qardaşlığı Mükafatı" isə bu mövqenin beynəlxalq miqyasda etirafıdır. Bu mükafat göstərir ki, humanizmə və ədalətə söykənən siyasət nəticə verir. Dialoq və əməkdaşlıq yolu ən mürəkkəb problemlərin belə həllini mümkün edir. Əbu-Dabidə keçirilən mərasim bir daha sübut edir ki, müasir dünyada güc yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Humanitar dəyərlərə sadiqlik, sülh təşəbbüsləri və məsuliyyətli liderlik daha böyük nüfuz qazandırır.

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi həyata keçirilən siyasətin uğurunun və regionda formalaşan yeni reallığın məntiqi nəticəsidir. Bu reallıq isə mühüm mesajlar verir, sülh və əməkdaşlıq gələcəyin yeganə yoludur.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31