Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmləndirəcək- ÖZƏL
11:37 Siyasət"Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində çıxışı zamanı Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırması ilə yanaşı, neft məhsullarının ixracının həyata keçirildiyini və hazırda ticarət əlaqələrinin genişləndirildiyini bildirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Regionda yaranan yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb. İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. ABŞ vitse-prezidentinin regiona səfərindən sonra Ermənistan ərazisini əhatə edəcək Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRİPP) ilə bağlı işlərin sürətlənəcəyi gözlənilir. Zəngəzur dəhlizinin bir elementi olacaq TRİPP-in inşaatı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək.
15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək. Şanlı Zəfərimizdən sonra regionda formalaşan yeni düzən yalnız Azərbaycan deyil, bütövlükdə region üçün yeni imkan yaradır".