Azərbaycanın bütün təşəbbüsləri sülhü möhkəmləndirməyə yönəlib- ÖZƏL
6 Fevral 11:24 Siyasət"Azərbaycanın ədalətli yanaşması, möhkəm iradəsi sayəsində son 6 ayda yeni bir sülh mərhələsi başlayıb. Bu gün Azərbaycanın sülh istiqamətindəki təşəbbüskarlığı, Bakı ilə İrəvan arasındakı əlaqələrin hazırkı mərhələsi münaqişə vəziyyətində olan dövlətlər üçün də nümunədir. Cənab Prezidentin də söylədiyi kimi, "Bizim nümunəmiz uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı inamsızlığa baxmayaraq, sülhün mümkün olduğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu, uzunmüddətli münaqişələrin dialoq və məsuliyyət vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi Ali mükafata layiq görülməsi Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir.
Təsadüfi deyil ki, mükafatlandırma mərasimi ilə bağlı təbriklərdə də Azərbaycan Prezidenti Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi təqdim olunur. Hesab edirəm ki, artıq regionda sülhlə bağlı yeni dövr başlayır və Ermənistan da bu istiqamətdə praktik addımları intensivləşdirməlidir.
Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşündə də tərəflər normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Azərbaycanın bu addımları sülhü möhkəmləndirməyə yönəlib. Ermənistandan da etimadı doğrultmağı gözləyirik".