Təzyiq olarsa Qərbi Azərbaycan məsələsi daha da aktuallaşdırılmalıdır- ÖZƏL
18:13 Siyasət"30 ilə yaxın zaman çərçivəsində nəinki işğalın bitməsini, həm də azərbaycanlılara qarşı cinayət törətmiş insanların ədalət məhkəməsi qarşısında cavab verməsini həsrətlə gözlədik. Bu gün Azərbaycan xalqı elə bir hadisələri, elə bir reallıqları yaşayır ki, zamanında bu bizim hər birimiz üçün xəyal idi. Çünki Azərbaycanda böyüyən gənclər, Azərbaycanın yaşlı əhalisi və bütün nəsillərin nümayəndələri bu insanların cəzalandırılmasını xəyal edirdi, arzulayırdı. Cənab Prezident İlham Əliyev bütün bu xəyalları reallığa çevirdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünə elə bir güc qatdı ki, ardınca anti-teror əməliyyatları keçirildi. Keçirilən lokal xarakterli əməliyyatlarla əli azərbaycanlıların qanına bulaşmış canilər tutularaq Azərbaycana gətirildi." Bu fikirləri " Olaylar.az"-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"Nəhayət, biz bu gün onların işi üzrə bir qisminin 20 ilə yaxın, digər qisminin isə ömürlük həbs cəzası ilə yekunlaşdığını görürük. Ədalətin təntənəsi məhz bu olmalıdır. Çünki dövlət başçımız bildirirdi ki, müəyyən bir dövrdə Ermənistan və onun himayədarları o qədər azğınlaşmışdılar ki, ədalət məhfumunu Azərbaycan cəmiyyətinə fərqli şəkildə təlqin edirdilər.
Təbii ki, Azərbaycan dövlətinin başçısı bütün bunları aydın görürdü və məhz buna uyğun da siyasət həyata keçirdi. Bu cinayətkarların cəza alması ilə bağlı Azərbaycana qarşı təzyiqlər var idi, təhdidlər davam edirdi. Fransa Milli Assambleyasının 2026-cı ilin fevralın 4-ü tarixində "Azərbaycan tərəfdə saxlanılan erməni əsirlərin dərhal və şərtsiz azad edilməsinə çağıran" qətnaməsi Fransanın növbəti şousudur.
İnsanlıq əleyhinə cinayət törədən ünsürlərin bir adı var, o da cinayətkar. Burada heç bir halda əsirdən söhbət getmir. Deməli, Fransa regionda bərqarar olan sülhə zərbə vurmaq istəyir. Gərginliyi süni şəkildə qoruyub saxlamağa çalışır. Manipulyasiyaların yaradılmasında maraqlıdır. Azərbaycan bu kimi cəhdlərə amanı verməməli, qətiyyətli mövqeyindən dönməməlidir. Habrelə, Qərbi Azərbaycan icması məsələsi siyasi gündəlikdə aktiv tutulmalıdır. Bundan sonra da Azərbaycana qarşı bu məsələ olsun, istənilən başqa məsələ olsun nəyinsə üzərindən təzyiq edilməyə çalışılarsa, barmaq silkələnərsə Qərbi Azərbaycan icması məsələsi daha qətiyyətli əsaslarla masa üzərinə qoyulmalıdır.
Həm Ermənistan, həm Ermənistana havadarlıq edən qüvvələrdə müfəssəl məlumat var ki, indiki Ermənistan dövləti məhz tarixi Azərbaycan torpaqlarında yaradılıb. Heç bir halda hər hansı bir suveren dövlətinin ərazisinə iddiadan söhbət getmir. Dövlət başçımız Qərbi Azərbaycan icması ilə bağlı olduqca korrekt yanaşma ortaya qoydu ki, həmin bu İcma Ermənistan hakimiyyəti tərəfindən qəbul edilməli, dialoq aparılmalı və insanlar öz dədə-baba yurdlarına topla, tüfənglə deyil, dinc bir şəkildə geri dönməlidirlər."
İBRAHİM MƏMMƏDLİ