Narışkindən START-3 sonrası xəbərdarlıq: "Rusiya digər nüvə dövlətlərinin davranışını analiz edəcək"
17:47 SiyasətRusiya və ABŞ arasında nüvə arsenalına nəzarəti təmin edən sonuncu mühüm sənəd - Strateji Hücum Silahlarının Azaldılması üzrə Müqavilənin (START-3 və ya DSNV) qüvvədə olma müddəti bu gün rəsmən başa çatıb.
Musavat.com xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin sənədin müddətinin bitməsindən sonra Moskvanın atacağı addımlar və regional tərəfdaşlıqlarla bağlı silsilə bəyanatlar verib.
Nüvə nəzarəti dövrünün sonu: Moskva nə edəcək?
Narışkin qeyd edib ki, Moskva bu müqaviləni qoruyub saxlamağa çalışsa da, sənədin bitmə tarixinə qədər öz öhdəliklərinə sadiq qalıb. Lakin bu gündən etibarən Rusiya tərəfi START-3-ün məhdudiyyətləri ilə bağlı heç bir öhdəlik daşımır. SVR rəhbərinin sözlərinə görə, Rusiya bundan sonra "məsuliyyətli davranmağa" davam edəcək, lakin digər nüvə silahına malik ölkələrin davranışlarını və hərbi siyasətlərini yaxından analiz edərək öz addımlarını buna uyğunlaşdıracaq. Narışkin vurğulayıb ki, hazırda dünya "keçid vəziyyətindədir" və Qərb mərkəzli dünya nizamının dağılması beynəlxalq hüquq normalarının ciddi aşınması ilə müşayiət olunur.
Bölgədəki gərginlik fonunda Narışkin İranla münasibətlərə də xüsusi toxunub. O, Rusiyanın Tehranla imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin bütün bəndlərinə ciddi şəkildə əməl edəcəyini bəyan edib. Narışkin İranın Rusiya üçün etibarlı tərəfdaş olduğunu və iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunu, əlaqələrin heç vaxt kəsilmədiyini bildirib.
Narışkinin bəyanatları həm də Vaşinqtondakı yeni administrasiyaya bir mesaj kimi qiymətləndirilir. Belə ki, Rusiya rəsmiləri müqavilənin müddətinin uzadılması ilə bağlı Vaşinqtonun təkliflərə rəsmi reaksiya vermədiyini bildirirlər. Bu şəraitdə Moskva "nüvə ruleti" dövrünə daxil olmamaq üçün digər tərəfdən siyasi-diplomatik yolların hələ də açıq olduğunu, lakin milli təhlükəsizlik üçün hərbi-texniki əks-tədbirlərin hazırlandığını vurğulayıb.