Paşinyanın "Dəmir yolu" ultimatumunun pərdəarxası: Moskvadan qopuş ssenarisi? – ÖZƏL
17:09 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan regional prosesləri dayandırmayacaqlarını bildirərək, dəmir yollarının təmiri ilə bağlı Rusiyadan rəsmi cavab gözlədiklərini bəyan edib. O qeyd edib ki, əgər Rusiya tərəfi investisiya qoymaqda tərəddüd edərsə, Ermənistan həmin sahələri (o cümlədən Axurik hissəsini) geri götürəcək və müstəqil şəkildə bərpa edəcək. Bu açıqlama İrəvanın dəmir yolu şəbəkəsinə nəzarəti mərhələli şəkildə Rusiyadan geri almaq niyyətində olduğu kimi qiymətləndirilir.
"Paşinyanın "regional prosesləri dayandıra bilmərik" deyimi, Moskvanın ünvanına deyilmiş kimi qəbul edildə də, əslində bütün regiona yönəlmiş siyasi etirafdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Ermənistan Rusiyanın dəmir yolu üzərindən saxladığı təsir rıçaqlarını mərhələli şəkildə zəiflətmək niyyətindədir. Necə deyərlər, "Cavab gözləyirik, yoxdursa özümüz edəcəyik" xətti isə erməni hökumətinin açıq dillə "asılılıqdan çıxış" ssenarisini səsləndirməsidir. Bu, nə romantik suverenlik açıqlamasıdır, nə də sadə iqtisadi məsələ - bu, Rusiyanın regiondakı gecikdirici roluna qarşı formalaşan yeni siyasi manevrdir. Bu yeni siyasi manevr özünə diqqət isgəyir.
Araşdırmaçı-yazar qeyd edib ki, Azərbaycan üçün burada əsas məsələ kiminsə dəmir yolunu kimdən alması deyil, əlbəttə; biz kommunikasiyaların dönməz və manipulyasiyasız işləməsində maraqlıyıq. Rəsmi Bakı bu prosesə emosional yanaşmır; Bakının yanaşması institusional xaraktetlidir. Yəni, söhbət konkret qrafik, hüquqi zəmanət, texniki mexanizm və icra məsuliyyətindən gedir. Ermənistan Rusiyadan "gerialma" mövzusunu ya çox sərrast kşləməli ya da regionu yeni qeyri-müəyyənliyə sürükləmə riski varsa, ehtiyatlı, başqa sözlə, qeyri-səlis məntiqlə irəliləməlidir. Azərbaycanın verəcəyi dəstək də elə buradan başlayır: açıq yollar, bağlı şərtlər; işlək xətlər, amma bunları siyasi şantaj müşayiət etməsin. Bəli, region indi bəyanat yox, icra tələb edir.
Lamiyə Cəbrayılova