Bəhruz Quliyev: "Zayed mükafatı Azərbaycanın beynəlxalq imicinin yeni göstəricisidir" – ÖZƏL
17:02 Siyasət"Əbu-Dabidə keçirilən mərasimdə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması sıradan bir protokol hadisəsi deyil. Bu, ilk növbədə, Azərbaycanın beynəlxalq humanitar gündəlikdə artıq passiv müşahidəçi yox, dəyərlər formalaşdıran və təşviq edən aktor kimi qəbul edildiyinin açıq göstəricisidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, bu mükafat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər yürütdüyü multikulturalizm, dini tolerantlıq, mədəniyyətlərarası dialoq və humanitar diplomatiya xəttinə verilən yüksək beynəlxalq qiymətdir. Xüsusilə müsəlman dünyasında və qlobal Cənubda böyük nüfuza malik olan Birləşmiş Ərəb Əmirlikləri kimi bir dövlətin bu mükafatı təqdim etməsi Bakının sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan siyasi fəlsəfəsinin artıq regional çərçivəni aşdığını göstərir.
Ekspert qeyd edib ki, bu addım həm də Azərbaycanın siyasi imici ilə bağlı mühüm mesaj verir ki, rəsmi Bakı yalnız enerji, təhlükəsizlik və geosiyasət dili ilə danışan ölkə deyil, eyni zamanda humanitar dəyərləri real siyasətə çevirə bilən nadir dövlətlərdən biridir. Postmünaqişə dövründə Qarabağda həyata keçirilən bərpa-quruculuq, dini və tarixi abidələrə münasibətdə nümayiş etdirilən məsuliyyətli yanaşma bu etimadın əsas səbəblərindən biridir.
"Bu hadisənin mühüm tərəfi isə Azərbaycan-BƏƏ münasibətləridir. Bu mükafatın məhz Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təqdim olunması iki ölkə arasında münasibətlərin artıq klassik diplomatik tərəfdaşlıqdan strateji-mənəvi müttəfiqlik mərhələsinə keçdiyini göstərir. Bu, enerji, investisiya və iqtisadi əməkdaşlıqdan kənara çıxaraq siyasi etimad və dəyərlər üzərində qurulan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər", - deyə baş redaktor əlavə edib.
Ekspert qeyd edib ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Prezident İlham Əliyevə verilən şəxsi təltif olmaqla yanaşı, əslində, Azərbaycan dövlətinə, onun seçdiyi siyasi və humanitar kursa ünvanlanan qlobal etimad sənədidir. Bu isə həm region, həm də beynəlxalq sistem üçün açıq mesajdır. Bu o deməkdir ki, Azərbaycan sabitlik, dialoq və insan qardaşlığını real siyasətin mərkəzinə qoyan dövlətdir.
Lamiyə Cəbrayılova