"İranın təhdidi regiona yox, ABŞ və İsrailə yönəlir"-Politoloqdan açıqlama- ÖZƏL
16:23 Siyasətİranın ali dini liderinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib. Şamxaninin "artıq səbirli olmayacağıq" mesajı birbaşa hərbi müdaxilə anonsu sayıla bilərmi? Şamxaninin çıxışı Azərbaycan-İran münasibətlərindəki son "yumşalma" dövrünü tamamilə bitirirmi?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Şamxaninin "artıq səbirli olmayacağıq" mesajı, əlbəttə ki, qarşı tərəflərə verilən hərbi cavab mesajıdır və İran tərəfi bununla həm İsrail, həm ABŞ, həm də onlara potensial dəstək verə biləcək digər dövlətləri sakitləşdirməyə çalışır. Bir növ, əgər bu dövlətlərin İrana müdaxilə qərarı varsa, onları bu qərarlarından geri döndərməyə çalışır. Ancaq mən düşünmürəm ki, "artıq səbirli olmayacağıq" mesajı Azərbaycana qarşı verilmiş mesajdır. Son hadisələr başlayandan Azərbaycan da, Türkiyə də həm ayrı-ayrılıqda, həm də müttəfiqlik çərçivəsində, İranın zərbələrə tuş gələcəyi təqdirdə ərazilərindən istifadə edilməsinə imkan verməyəcəyini bildirdi. Bununla qalmadı, həm Azərbaycan, həm də Türkiyə belə bir halın baş verməməsi üçün çağırış etdi. Yəni, İrana qarşı mümkün müdaxilələrin regionda qarşıdurmanı və qeyri-müəyyənliyi artıracağı vurğulandı Bakı və Ankara da. İran tərəfi də bunu görür və başa düşür ki, önündə artıq bir çox problem varkən, ABŞ və İsrail kimi hərbi texnoloji üstünlüklərə malik dövlətlərin ona zərbə endirmə ehtimalı yüksəkdir. Belə şəraitdə Azərbaycan və Türkiyəni də əlavə olaraq bu münaqişəyə cəlb etmək ağıl işi olmaz. Xüsusən də Azərbaycan və Türkiyə bir mənalı şəkildə bildirirlər ki, biz heç bir münaqişəyə qatılmayacağıq və İrana zərbələri doğru hesab etmirik. Bu təhdid tamamən ABŞ-a, İsrailə və onun potensial dəstəkçilərinə yönəlib.
Şamxaninin çıxışı Azərbaycan-İran münasibətlərindəki "son yumşalma" dövrünü tamamilə bitirirmi? Yəqin ki, bu, Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərməyəcək. Azərbaycan-İran münasibətlərinə mənfi təsir edən məsələlər əsasən ikili kontekstdə baş verən hadisələrlə bağlıdır. İsrail məsələsinin bəhanə edilməsi, Azərbaycan-Qərb əlaqələrinin bəhanə edilməsi tamamən həmin ikili səbəblərdən irəli gələn İranın özünü haqlı göstərmək cəhdləridir. Çünki Azərbaycan nə İsraillə, nə də Qərblə əlaqələrini anti-İran xətti üzərindən qurmur, milli mənafeləri üzərindən qurur ki, bu da hər bir dövlətin haqqıdır. Azərbaycan-İran münasibətlərinin bu günə qədər nisbətən gərginlik olmasının səbəbi isə İranın Azərbaycana qarşı siyasət xəttidir. Zaman-zaman İran Azərbaycan haqlarını və hüquqlarını nəzərə almasa da, Pezeşkian hakimiyyəti bərqərar olduqdan və İranın Qərblə qarşıdurmalar fonunda ciddi təhlükələrlə üzləşdikdən sonra, İranın Azərbaycana qarşı retorikası və anti-Azərbaycan addımları xeyli azaldı. Görürük ki, belə bir situasiyada Azərbaycan, zəif düşmüş və potensial təhlükələrlə üzləşmiş İrana qarşı hər hansı bir addım atmayacaq. Əksinə, tərəfdaşlıq mesajı verir, regional təhlükəsizlikdən danışır və qarşılıqlı hörmətə əsaslanan əlaqələrdən bəhs edir. Ona görə də düşünmürəm ki, bu son hadisələr Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərəcək. Amma Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərə biləcək faktorlar hələ də İranın siyasi elitasındə qalmaqdadır ki, bu da zaman-zaman yumşalma prosesini zərbə altına qoya bilər".
Zeynəb Mustafazadə