Atəşkəsdən iqtisadi tərəfdaşlığa: Azərbaycan və Ermənistanın "əməkdaşlıq modeli" – ÖZƏL

"Əbu-Dabidə aparılan danışıqlarda əldə olunan razılaşmalar sülh prosesinin sürətləndirilməsinə xidmət edir. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi mövcud vəziyyətdən razı olduqlarını və irəliyə doğru yönəlmiş sülh prosesinə ümumi dəstək verdiklərini ifadə etdilər. Bu  razılaşma  Vaşinqtonda keçirilmiş görüşdən sonra əldə olunmuş ən mühüm nəticələrdən biri kimi qiymətləndirilə bilər".

Bu fikirləri  Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, son dövrlər ərzində Azərbaycan və Ermənistan arasında hər hansı münaqişənin baş verməməsi, atəşkəsin pozulmaması və ümumi sabitliyin qorunması onu göstərir ki, rəsmi Bakı və İrəvan sülh prosesini uğurla icra edə bilirlər. Bu fakt tərəflərin məsuliyyətli yanaşmasının və dialoqa sadiqliyinin göstəricisidir. Paralel şəkildə digər istiqamətlər üzrə, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılır. Hazırda ölkələr arasında iqtisadi münasibətlər formalaşma və inkişaf mərhələsindədir və əsas məqsəd qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Burada söhbət həm iqtisadi, həm də siyasi etimaddan gedir. Bu məqsədlə dövlətlər diplomatik müstəvidə bir sıra məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləməyə çalışırlar. Bu yanaşma siyasi və diplomatik etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, eyni zamanda, iqtisadi etimad mühitinin formalaşdırılması üçün ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də konkret addımlar atılır. Məsələn, Azərbaycan neftinin Ermənistana göndərilməsi məsələsi artıq öz həllini tapıb və bu addım qarşılıqlı iqtisadi əməkdaşlıq baxımından mühüm göstərici hesab olunur. Gələcəkdə digər iqtisadi sahələrdə də qarşılıqlı əməkdaşlığın mümkün olduğu istisna edilmir. Bununla yanaşı, ictimai nümayəndələrin qarşılıqlı görüşlərinin keçirilməsi ilə bağlı razılıq əldə olunub. İctimaiyyət nümayəndələrinin bir-biri ilə dialoqa girməsi, görüşlər keçirməsi etimad mühitinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu cür təmaslar cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və sülhə dəstəyin güclənməsinə xidmət edir. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi möhkəmlənməkdədir. Davam edən bu proses gələcəkdə sülh münasibətlərinin daha da dərinləşməsinə və dayanıqlı xarakter almasına şərait yarada bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31