Deputat prezidentə təbrik məktubu ünvanlayıb - ÖZƏL
15:41 SiyasətMilli Məclisin deputatı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Olaylar" təbrik məktubunu təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri
Cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm cənab Prezident!
İcazə verin Sizi - Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri olan görkəmli dövlət xadimini, beynəlxalq miqyasda tanınan siyasi lideri - "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz münasibətilə dərin hörmət və sonsuz ehtiramla təbrik edim. Bu ali mükafat müasir dünyanın ən vacib çağırışlarından biri olan sülhün qorunması və möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz ardıcıl, prinsipial və məsuliyyətli fəaliyyətə verilən yüksək beynəlxalq qiymətin bariz ifadəsi, sülhsevər, tolerant, humanizm prinsiplərinə əsaslanan siyasətinizin həm də dünya üçün bir nümunə olduğunun göstəricisidir.
Zati-alilərinizin rəhbərliyi ilə Azərbaycan müstəqil, qətiyyətli və uzaqgörən siyasət yürüdərək regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın əsas dayaqlarından birinə çevrilmişdir. Diplomatiya, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan xarici siyasət kursunuz ölkəmizin mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif maraqların toqquşduğu mürəkkəb coğrafiyada dialoq və anlaşma mühitinin formalaşmasına mühüm töhfələr vermis, ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etmişdir.
"Zayed İnsan Qardaşlığı Mükafatı" ilk növbədə, münaqişələrin dərinləşdiyi, geosiyasi gərginliklərin artdığı bir dövrdə qarşılıqlı anlaşmanı və siyasi məsuliyyəti üstün tutan liderə göstərilən etimadın təzahürüdür. Sizin qətiyyətli, uzaqgörən və məsuliyyətli liderliyiniz sayəsində Azərbaycan sülh gündəliyini regional çərçivədən çıxararaq beynəlxalq müstəviyə daşıya bilmiş, konstruktiv təşəbbüslərlə çıxış edərək dialoqa əsaslanan yanaşmanın real nəticələr verə biləcəyini sübut etmişdir.
Sizin rəhbərliyinizlə Azərbaycan sübut etmişdir ki, güclü dövlət olmaqla yanaşı, sülhsevər və konstruktiv mövqe nümayiş etdirmək mümkündür. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və nümunə kimi qəbul olunur.
Xüsusi vurğulamaq istərdim ki, sülh anlayışı Zati-alilərinizin siyasi fəlsəfəsində davamlı inkişaf, sosial ədalət, humanitar dəyərlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi deməkdir. Bu baxımdan, ölkə daxilində həyata keçirilən islahatlar, sosial rifahın yüksəldilməsi, multikulturalizm və tolerantlıq mühitinin qorunması da sülhə xidmət edən mühüm amillərdir. Azərbaycan bu dəyərlərin real praktikaya çevrildiyi nadir ölkələrdən biri kimi tanınır.
Sizin təşəbbüsünüz və fəal mövqeyinizlə Azərbaycan beynəlxalq platformalarda daim dialoq tərəfdarı kimi çıxış edir, humanitar çağırışlara biganə qalmır və qlobal məsuliyyət daşıyan dövlət kimi öz sözünü deyir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmiş, müasir dünyanın məsuliyyətli və hörmət olunan aktorlarından birinə çevirmişdir.
Möhtərəm cənab Prezident!
Bu ali mükafatın Sizə təqdim olunması böyük qürur mənbəyi olmaqla Azərbaycan xalqına göstərilən hörmətin, ölkəmizin beynəlxalq nüfuzunun və düzgün seçilmiş siyasi yolun təsdiqidir. Çünki bu təltif ölkənin düzgün seçilmiş strateji yolunun, xalq-dövlət birliyinin və milli maraqlara əsaslanan siyasətin təntənəsidir. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixinin, sülhə əsaslanan strateji xəttinin və beynəlxalq sistemdə qazandığı etibarlı mövqenin simvoludur. Bu təltif region üçün sabitlik, dünya üçün isə dialoq və qarşılıqlı hörmətə əsaslanan yeni siyasi modelin mümkünlüyünü nümayiş etdirən mühüm beynəlxalq mesajdır.
Azərbaycan vətəndaşları əmindir ki, Zati-alilərinizin rəhbərliyi ilə əldə olunan hər bir beynəlxalq uğur gələcək nəsillər üçün daha təhlükəsiz, daha sabit və daha ədalətli dünya quruculuğuna xidmət edir.
Hörmətli cənab Prezident!
Sizin müdrik rəhbərliyiniz, qətiyyətli mövqeyiniz və sülhə əsaslanan siyasi xəttiniz bu gün beynəlxalq aləmdə liderlik nümunəsi kimi qəbul olunur.
Bu əlamətdar hadisə münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin qətiyyətli və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi yolunda inamla irəliləsin. Zati-alilərinizin rəhbərlik yolu daim uğur, qətiyyət və tarixi nailiyyətlərlə müşayiət olunsun.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Asif Əsgərov