Qərəzli qətnamə və hüququn üstünlüyü: Azərbaycan öz yolunda davam edir- ÖZƏL 

Fransa Milli Assambleyası Azərbaycan əleyhinə növbəti qeyri-hüquqi qətnamə qəbul edib. 183 deputatın lehinə səs verdiyi sənəddə Azərbaycanda saxlanılan keçmiş separatçı rejimin nümayəndələrinin "dərhal və qeyd-şərtsiz azad olunması" tələb edilir. Sənəd Azərbaycanın suverenliyini və məhkəmə müstəqilliyini ignor edərək, ağır cinayətlərdə ittiham olunan şəxsləri "erməni əsiri" kimi təqdim edir.
İki ölkə arasında artıq yaxın zamanda sülh imzalanacaq. Fransa bu addım ilə tam olaraq nə etmək istəyir? Fransa Ermənistana qarşı göstərdiyi həssaslığı 30 il ərzində Azərbaycana qarşı niyə göstərməmişdi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Fransa Senatının qəbul etdiyi son qərarın Azərbaycan üçün zərrə qədər təsiri yoxdur, əhəmiyyəti yoxdur və biz ona diqqət etmirik. Çünki biz Fransa parlamenti və Senatı tərəfindən dəfələrlə bu cür qərəzli, bir tərəfli qərarlara və qətnamələrə şahid olmuşuq. Bu da növbəti qətnamələrdən biridir. Əslində, bu qərarla Fransa Senatı yenidən Azərbaycan-Fransa münasibətlərini gərginləşdirir. Nəzərə alsaq ki, son beş il ərzində Azərbaycan və Fransa arasında ciddi gərginliklər mövcud olub, bunun əsas səbəbi Fransa dövlətinin beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın ərazisində terrorizmi və separatizmi dəstəkləməsi, Ermənistanı silahlandırmaqla Azərbaycana təzyiq göstərməyə çalışmasıdır. Fransa öz imkanlarından, həm BMT-də, həm də beynəlxalq arenada istifadə edərək Azərbaycan üzərində təzyiq göstərmək istəyib. Amma bu siyasətin heç bir təsiri olmayıb. Əksinə, Azərbaycan Fransanın müstəmləkələri ilə bağlı atdığı addımlarını və təbliğatını ifşa etməklə, Fransa dövlətinin törətdiyi cinayətlərin beynəlxalq səviyyədə tanınmasında rol oynayıb. Bunun üzrəindən də Fransa tərəfi Azərbaycan üzərindəki təzyiqlərinin heç bir nəticə vermədiyini anlayaraq bir neçə ay öncə Fransa Prezidenti Azərbaycan Prezidenti ilə Avropa siyasi toplantısında görüşərək münasibətləri normallaşdırmağa çalışdı. Bu, əslində hər iki ölkənin maraqlarına ziddir.  Fransa Senatının qəbul etdiyi bu qərar sadəcə olaraq Azərbaycana təzyiq vasitəsi kimi qəbul oluna bilər, lakin bunun heç bir təsiri olmayacaq. Azərbaycanda hazırda mühakimə olunan cinayətkarlar cəzalarını çəkəcək və bu prosesdə hansısa mövqe dəyişikliyindən söhbət gedə bilməz. Azərbaycan məhz bu məhkəmə prosesini aparmaqla onu siyasi proses deyil, hüquqi proses olduğunu ortaya qoydu. Əslində bunu həm Ermənistandakı müəyyən dairələr, həm də onun havadarları, Fransa Senatı kimi digər təşkilatlar siyasi proses kimi göstərməyə çalışdılar, amma bu alınmadı.
Bu qərarı həm Senatın özündəki deputatların birtərəfli yanaşmaları, həm də xristian təəssübkeşliyi ilə əlaqələndirmək olar. İkincisi, deputatlar erməni diasporasının maliyyə imkanlarından istifadə etmək və gələcəkdə bundan bəhrələnmək üçün belə, hüquqi qüvvəsi olmayan, mənasız qərarlar qəbul edirlər. Bu qərarlar Azərbaycanın nəzərində heç bir dəyər daşımır və təsir imkanına malik deyil.
Azərbaycan Prezidenti də bir müddət öncə Davosdakı müsahibəsində qeyd etmişdi ki, Avropa qurumlarının qəbul etdiyi qərarlara artıq fikir vermirik. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib, bütün təzyiqlərə baxmayaraq doğru bildiyi yolda davam edəcək. Bu cür mənasız qərarlar yalnız könül bulandırmaqdan başqa bir şey deyil və Azərbaycan dövlətinə təsir edə bilməz". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31