“Tramp marşrutu"nda ABŞ-Ermənistan ortaqlığı: Rusiya niyə kənarda qaldı? – ÖZƏL

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsinə qoşulma ehtimalını rədd edib. O, bu təşəbbüsün mahiyyət etibarilə erməni-amerikan layihəsi olduğunu vurğulayıb.
Simonyanın sözlərinə görə, Rusiyanın bu prosesdə iştirakı absurd görünür: "TRIPP  ilk növbədə erməni-amerikan təşəbbüsüdür. Rusiyanın burada iştirakı layihənin işləməsinin qarşısını almaq üçün hər şeyi etmək demək olardı."
Spiker qeyd edib ki, kommunikasiyaların açılması məsələsi ayrıca müzakirə oluna bilər, lakin TRIPP çərçivəsində Rusiyanın rolu nəzərdə tutulmur.

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, Simonyanın bu açıqlaması onu göstərir ki, artıq TRIPP məsələsi ətrafında tərəflər tam şəkildə bəllidir və yeni tərəfdaşların bu prosesə cəlb olunması arzuolunmur. Konkret olaraq, Rusiya bu məsələ ilə bağlı uzun illər ərzində ciddi səylər göstərsə də, nəticə etibarilə bu layihədən kənarda qaldı. Bunun əsas səbəbi Ermənistanın Rusiya ilə bu formatda davam etmək istəməməsidir. Eyni zamanda, regionun digər dövlətləri də Rusiyanın bu layihədə iştirakına müsbət yanaşmırlar. Digər tərəfdən, dünyanın super gücü olan  ABŞ  nəhayət ki, bu məsələyə aktiv şəkildə müdaxilə etdi və prosesin qarşısında mövcud olan maneələrin aradan qaldırılmasında mühüm rol oynadı. Bu baxımdan, əslində, mövcud vəziyyət kifayət qədər aydındır.

Ekspert qeyd edib ki, söhbət coğrafi baxımdan cəmi 42-43 kilometrlik bir ərazidən getsə də, onun iqtisadi və geosiyasi əhəmiyyəti olduqca böyükdür. Lakin reallıq ondan ibarətdir ki, artıq bu prosesdə ABŞ fəal iştirak edirsə, Rusiyanın burada mövcudluğuna ehtiyac qalmır. Xüsusilə nəzərə alsaq ki, Rusiya hazırda Ukrayna ilə və digər dövlətlərlə ciddi münaqişə vəziyyətindədir və bu da onun Cənubi Qafqazdakı təsir imkanlarını xeyli zəiflədib. Bütün bu amillər fonunda Rusiyanın sözügedən layihədən kənarda qalması tam anlaşılandır. Üstəlik, Rusiya regiona daxil olduğu hallarda, adətən, özü ilə münaqişələr və problemlər gətirir, öz geosiyasi maraqlarını reallaşdırmaq üçün bölgə dövlətləri üzərindən müxtəlif konflikt ssenarilərini işə salır. Bu baxımdan, onun regiondan kənarda saxlanılması müsbət bir hal kimi qiymətləndirilə bilər. Bu vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, ümumilikdə isə regionda sabitliyin və rifahın təmin olunmasına xidmət edir. Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfinin mövqeyi məntiqlidir.

Rusiya bu mərhələdə nə edə bilər?

Əgər gücü olsaydı, müəyyən addımlar ata bilərdi, lakin bu addımlar beynəlxalq hüquqa uyğun olmazdı. Bu, ya açıq zorakılıq, ya da bölgədə öz coğrafi maraqlarını zorla qəbul etdirmək cəhdləri formasında özünü göstərə bilərdi. Ermənistan isə bu cür yanaşmalara qarşı müqavimət nümayiş etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, əgər Rusiya bu prosesə müdaxilə etməyə cəhd göstərərsə, ABŞ başda olmaqla beynəlxalq ictimaiyyət buna qarşı çıxacaq. Bu isə hazırkı geosiyasi reallıqlar fonunda kifayət qədər aydın və proqnozlaşdırılandır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31