Sülh müqaviləsinə doğru: Əbu-Dabidə dialoq nəticələri- ÖZƏL
14:34 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Əbu-Dabidəki görüşü danışıqların yekun mərhələyə yaxınlaşdığını və etibarlı sülh sazişi üçün siyasi iradənin mövcud olduğunu göstərir. Davamlı təmaslar, tranzit imkanlarının yaradılması və iqtisadi əlaqələrin normallaşdırılması sülh müqaviləsinin imzalanma prosesini sürətləndirə bilər. Çünki qarşılıqlı inam artır və regionda praktik əməkdaşlıq üçün zəmin yaranır".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"2025-ci ilin martında sülh sazişinin layihə mətni yekunlaşdırılıb. Azərbaycan mərhələ-mərhələ öhdəliklərini yerinə yetirir və sülh təşəbbüsləri ilə çıxış edir, regionda əlaqələrin normallaşması üçün isə Azərbaycandan Ermənistana neft məhsulları daşınır və digər ölkələr üçün tranzit imkanları yaradılır.
Əsas məsələ Ermənistanın parlament seçkiləri və ondan sonra keçiriləcək referendumdur. Sülh sazişinin imzalanması üçün Ermənistanın ərazi iddialarının qanuni sənədlərdən çıxarılması vacibdir. Əgər hər şey plan üzrə getsə, referendum 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlinə yaxın keçirilə bilər və sülh müqaviləsinin imzalanmasına maneə qalmayacaq.
Lakin siyasi qərarlar və ratifikasiya müddəti uzana, bəzi hallarda son məsələlərin həlli 2028-ci ilə qədər çəkə bilər. Hər iki ölkə tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır, əsas məsuliyyət isə Ermənistanın üzərinə düşür ki, öhdəliklərini yerinə yetirsin".
Zeynəb Mustafazadə