İrəvan separatçı kölgəni dağıdır: “Artsax nümayəndəliyi”nin müsadirəsi və seçki hesabları- ÖZƏL 

Ermənistan Baş Prokurorluğu İrəvanda yerləşən qondarma "Artsax daimi nümayəndəliyi" binasının müsadirəsi ilə bağlı yekun qərar verməkdə israrlıdır. Prokurorluq saxta "hökumət"in əks-iddiasına baxmaqdan imtina edib və bunu belə bir qurumun mövcud olmaması ilə əsaslandırıb. Qərarın 22 may 2026-cı ildə dərc olunacağı bildirilir.
Bu qərar uydurma rejimin fəaliyyəti üçün hansı real nəticələr doğuracaq və prosesin vaxtının iyunda keçiriləcək parlament seçkiləri ilə əlaqəsi mümkündürmü?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Ermənistan hakimiyyəti  Azərbaycanın  Qarabağ   üzərində suveren hüququnu rəsmən etiraf edib və Qarabağın  Azərbaycanla danışıqlarda bir daha müzakirə subyekti olmayacağını ən yüksək səviyyədə bəyan edib. Azərbaycanla münasibətlərin Vaşinqton razılaşmalarının əldə edilməsindən sonra yeni bir mərhələyə daxil olması və tərəflərin sülh müqaviləsinin imzalanması ərəfəsində olduğu bir şəraitdə  Qarabağdakı keçmiş   separatçı rejimin təmsilçiləri ilə hər hansı ünsiyyət, onlara havadarlıq edilməsi üçün atıla biləcək addımlar rəsmi İrəvanın bu ilki seçkilər ərəfəsində müqəddaratına ciddi şəkildə təsir edə və əlbəttə erməni muxalifətinin xeyrinə işləyə bilər. Digər tərəfdən Paşinyan  Azərbaycanla münasibətlərin sülh yolu ilə nizamlanmasına dair ABŞ prezidenti Tramp qarşısında öhdəliklər götürüb və məlum  çərçivə sazişinin şərtlərindən kənar hərəkətlər şübhəsiz ki, onun rəsmi Vaşinqtonla münasibətlərinə təsirsiz ötuşməyəcək. Paşinyan iqtidarının seperatçı rejimin reabilitasiyasına dəstək anlamında ata biləcəyi addımlar region uğrunda geosiyasi qarşıdurmada dolayısı yolla da olsa, Rusiyanın xeyrinə işləyə bilər ki, bu da Tramp administrasiyasını təbii ki, məmnun etməyəcək. Nəhayət Ermənistana münasibətdə iqtisadi blokadadan imtina edən, sülh müqaviləsinin imzalanmadığı bir şəratdə regionda nəqliyyat-kommunikasiya xəttlərinin açılmasına gedən rəsmi Bakı da, təbii ki, rəsmi İrəvanın seperatçı rejimlə münasibətlərindən narazı qalacaq. Bu isə iqtisadi blokadanın götürülməsi ilə iqtisadi dirçəliş, enerji problemlərinin həlli üçün şərait əldə etmiş Paşinyan iqtidarının xeyrinə olmayacaq, seçkilər ərəfəsində etiraz elektoratının narazılığını gücləndirəcək. Bu mənada Ermənistan prokurorluğunun məlum hərəkətləri qanunvericilik çərçivəsində olmaqla yanaşı siyasi muxalifətlə iş birliyində olan seperatçı qüvvələrin zərərsizləşdirilməsinə yönəlib". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31