Fransa hələ də “bulanıq suda balıq tutmağa” çalışır - ÖZƏL
12:35 Siyasət"Fransanın bəzi deputatlarına bir daha izah etmək lazımdır ki, Azərbaycanda hərbi əsirlər yoxdur, ümumiyyətlə, əsir anlayışı mövcud deyil."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki hazırda məhkəməsi başa çatmaq üzrə olan erməni əsilli şəxslər, hər şeydən əvvəl, Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Respublikasının əhalisinə daxildirlər. İkincisi, onlar müharibə zamanı deyil, müharibədən sonra saxlanılıblar. Barələrində müvafiq araşdırmalar aparılıb, törətdikləri əməllər onlara təqdim olunub və bu ittihamlara etiraz edəcək əsasları yoxdur. Çünki törətdikləri əməllər açıq şəkildə sübuta yetirilib. Hətta məhkəmədə bunları inkar etsələr belə, cinayətləri törətdikləri dövrdə mediaya verdikləri açıqlamalar bu əməlləri bilərəkdən etdiklərini təsdiqləyir.
Bu baxımdan, fransız siyasətçilər bir qədər daha obyektiv yanaşmalı və reallığı düzgün qiymətləndirməlidirlər. Onlar anlamalıdırlar ki, Azərbaycan sadəcə ədaləti bərpa etməyə çalışır. Azərbaycanın nə ermənilərlə, nə də başqa hər hansı millətlə etnik zəmində qarşıdurma niyyəti yoxdur.
Digər tərəfdən, Fransa Milli Assambleyasının tələsik şəkildə, üstəlik, yekdilliklə belə bir sənəd qəbul etməsi göstərir ki, Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında maraqlı deyil. Əksinə, regionda münaqişə vəziyyətinin davam etməsini istəyir. Halbuki bu münaqişədən ən çox zərər görəcək tərəf məhz Ermənistandır. Görünür, bəzi dairələr hələ də "bulanıq suda balıq tutmaq" niyyətindən əl çəkməyiblər.
Hesab edirəm ki, Fransa Milli Assambleyası bu kimi məsələlərə müdaxilə etmək əvəzinə, Fransanın XXI əsrdə hələ də nəzarətində saxladığı ərazilər və müstəmləkəçilik siyasəti ilə bağlı problemləri müzakirə etməlidir. XXI əsrdə müstəmləkəçilik ən böyük ayıblardan biridir və bu ayıba bulaşan Azərbaycan deyil, məhz Fransadır. Buna görə də, başqalarını ittiham etməzdən əvvəl, öz problemlərinə diqqət yetirmələri daha doğru olardı."
İbrahim Məmmədli