Strateji tərəfdaşlığın yeni mərhələsi

İkitərəfli münasibətlərin davamlı inkişafını yol dialoqdan keçir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri, sadəcə növbəti diplomatik hadisə deyil. Bu səfər Bakı ilə Əbu-Dabi arasında münasibətlərin artıq qarşılıqlı etimada, regional təhlükəsizlik məsələlərinə ortaq baxışa və gələcəyə dair ümumi vizyona əsaslanan yetkin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. Qısa tarixi müddət ərzində BƏƏ Azərbaycanın Yaxın Şərqdə ən yaxın tərəfdaşlarından birinə çevrilib. Əməkdaşlığımız artıq yalnız ticarət-iqtisadi gündəmlə məhdudlaşmır. Bu gün münasibətlər enerji, investisiya, "yaşıl" texnologiyalar, humanitar sahə və xüsusilə təhlükəsizlik istiqamətlərini də əhatə edir. Azərbaycanın iqtisadi transformasiya və postmünaqişə bərpası mərhələsində BƏƏ şirkətlərinin fəallığı, bərpa olunan enerji layihələrinə maraq göstərməsi tərəfdaşlığın praktik ölçüsünü aydın şəkildə ortaya qoyur.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, ötən ilin sentyabrında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın Bakıya və Şuşaya səfəri xüsusi siyasi və simvolik məna daşıyırdı: "Bu addım Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların qəbul edildiyini və ölkəmizin suveren seçiminə hörmət göstərildiyini nümayiş etdirdi. Qarabağa səfər isə BƏƏ-nin Azərbaycanı uzunmüddətli tərəfdaş kimi gördüyünün və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərinə açıq dəstəyinin göstəricisi oldu. Bu, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini də ortaya qoydu. Bu gün dövlət başçımızın BƏƏ-yə səfəri həmin siyasi xəttin davamlı xarakter daşıdığını təsdiqləyir. Tərəflər münasibətləri sadəcə bəyanatlar səviyyəsində deyil, konkret layihələr və institusional mexanizmlər üzərindən möhkəmləndirirlər. Yüksək səviyyəli dialoqun intensivliyi göstərir ki, Bakı və Əbu-Dabi qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq modelini ardıcıl şəkildə inkişaf etdirir. Azərbaycan-BƏƏ münasibətlərində xüsusi diqqət çəkən istiqamətlərdən biri də hərbi əməkdaşlıqdır. Birgə hərbi təlimlərin keçirilməsi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. İndiyədək Azərbaycan bu cür dərin hərbi əməkdaşlıq formatını əsasən Türkiyə ilə həyata keçirirdi. Bu gün isə strateji etimad dairəsinə BƏƏ də qoşulub. Bu təlimlər təkcə döyüş hazırlığı elementi deyil. Söhbət iki ölkənin silahlı qüvvələri arasında operativ əlaqələrin qurulmasından, təcrübə mübadiləsindən və ümumi müdafiə potensialının gücləndirilməsindən gedir. Əslində, bu əməkdaşlıq müsəlman dünyasında təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq modelinin formalaşmasına xidmət edir. Bu, real qarşılıqlı fəaliyyətə əsaslanan bir modeldir. Bu, həm də qardaşlıq münasibətlərinin praktik təzahürü kimi qiymətləndirilə bilər".
Onun sözlərinə görə, Azərbaycan-BƏƏ yaxınlaşmasının daha geniş geosiyasi ölçüsü də var: "Beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi, qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu getdikcə gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir. Bu qarşılıqlı yanaşma radikal meyllərin qarşısının alınması, konstruktiv regional gündəliyin təşviqi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu gün artıq əminliklə demək olar ki, Azərbaycan təkcə enerji tərəfdaşı kimi deyil, həm də sülh, inkişaf və postmünaqişə bərpası gündəliyini formalaşdıra bilən mühüm siyasi aktor kimi qəbul olunur. BƏƏ ilə strateji tərəfdaşlıq isə bu yeni statusun parlaq göstəricilərindən biridir. Əminliklə deyə bilərik ki, əldə olunmuş yüksək etimad səviyyəsi və çoxşaxəli əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək, ölkələrimiz sürətlə dəyişən dünya çağırışlarına birlikdə cavab verəcək və regionda davamlı sabitliyə töhfələr verəcək".

Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm önəm kəsb edir: "Ölkəmizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək səviyyədə qarşılanması, iki lider arasında görüş zamanı müzakirə edilən mövzuların xarakteri əlaqələrin inkişafının göstəricisi hesab edilir. Dövlət başçıları tərəfindən Azərbaycan-BƏƏ arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. Həmçinin münasibətlərin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi xüsusi ilə qeyd edilib".
 Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi də yüksək dəyələndirilir: "Sözsüz ki, dövlətimizin başçısının BƏƏ-yə səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-BƏƏ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirərək siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin genişləndirilməsinə yeni imkanlar açır. Səfər çərçivəsində Prezident İlham Əliyevin BƏƏ-nin ali rəhbərliyi ilə keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb, qarşılıqlı etimada və hörmətə əsaslanan əlaqələrin regional və qlobal proseslər fonunda xüsusi önəm daşıdığını qeyd ediblər. Həmçinin görüşlər zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, Yaxın Şərq və Cənubi Qafqazda baş verən proseslər barədə fikir mübadiləsi aparılıb. Ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan mövqelərin üst-üstə düşdüyü bir daha vurğulanıb".
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31