Paşinyan-Kilsə qarşıdurması fonunda orduda struktur dəyişikliyi- ÖZƏL
17:32 SiyasətErmənistan Müdafiə Nazirliyi müdafiə naziri Suren Papikyanın əmri ilə ordudakı 20 ildən artıq fəaliyyət göstərən Ruhani Rəhbərliyi ləğv edib. 2000-ci ildə verilmiş 728 nömrəli əmr qüvvədən düşmüş hesab olunur. Struktur dəyişikliyi ilə bağlı Eçmiədzin Kilsəsinə rəsmi məktub göndərilib. Həmin rəhbərlik uzun illər orduda ideoloji və mənəvi xidmət sahəsində fəaliyyət göstərirdi.
Ermənistan ordusunda Ruhani Rəhbərliyin ləğvi hərbi idarəetməyə və əsgərlərin mənəvi-ideoloji hazırlığına necə təsir göstərə bilər? Bu qərarın Ermənistanın regional təhlükəsizlik və ordunun struktur siyasətinə potensial təsirləri nələr ola bilər?
Mövzu ilə bağlı hərbi jurnalist Heydər Mirzə Olaylar.az-a açıqlama verib:
" Qısaca belə deyim ki, məsələ hazırda Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbərliyi arasında gedən siyasi proseslərlə bağlıdır. Mənəvi-ideoloji hazırlığa gəldikdə isə, düşünmürəm ki, bu, ciddi təsir göstərəcək. Çünki həmin strukturun yerinə başqa birinin yaradılması ilə müvafiq iş istiqamətinin yeni struktur tərəfindən aparılması və ya bu funksiyaların digər, hazırda mövcud olan digər qurumlar arasında bölüşdürülməsi mümkündür.
Baxaq. Qarşıda parlament seçkiləri var və Paşinyanın komandası hazırda daha çox seçkilər haqqında düşünür, ordunun mənəvi-psixoloji və ideoloji hazırlığı barədə deyil. Eyni zamanda nəzərə almalıyıq ki, bu qərar nə Erməni Kilsəsini, nə də kilsənin erməni cəmiyyətindəki rolunu aradan qaldırmır. Uzunmüddətli perspektivdə kilsənin bütün cəmiyyətə, o cümlədən orduya təsiri qalacaq".
Zeynəb Mustafazadə