Əbu-Dabidən sülhə doğru: Bakı İrəvana iqtisadi "nəfəslik" açır – ÖZƏL

Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Əbu-Dabidə keçirilən görüşdə normallaşma prosesini davam etdirmək barədə razılığa gəliblər. Liderlər sülhün möhkəmləndirilməsi, iqtisadi əməkdaşlıq və etimad tədbirlərinin artırılmasında həmfikir olduqlarını bildiriblər. Görüşdə vətəndaş cəmiyyəti təmasları müsbət qiymətləndirilib və tərəflərin real sülhə daha da yaxınlaşdığı vurğulanıb. 

"Artıq uzun müddətdir bu tip təmaslar səssiz diplomatiya formatında davam edir. Son Vaşinqton görüşündən sonra isə prezidentlər səviyyəsində mərhələli şəkildə həm danışıqların aparılması, həm də sülh sazişinin imzalanmasına hazırlıq istiqamətində konkret addımlar atılmağa başlanıb. Abu-Dabi görüşü də məhz bu prosesin tərkib hissəsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, görüşlər ərəfəsində prezidentlər və baş nazirlər arasında aparılan təmaslar çərçivəsində iqtisadi məsələlər də müzakirə olunub. Xüsusilə Azərbaycanın Ermənistana göstərdiyi iqtisadi dəstək - buğdanın ötürülməsi, neft məhsullarının təmin edilməsi və digər addımlar iki ölkə arasında iqtisadi baxımdan müəyyən canlanma yaradıb. Bu prosesdə Azərbaycan öz imkanlarından istifadə edərək Ermənistana iqtisadi baxımdan dəstək göstərir ki, Ermənistan region ölkəsi kimi iqtisadi dirçəliş əldə etsin. 

Ekspertin fikrincə, Ermənistan bu yanaşmanı normal qarşılayacaq və Azərbaycanın atdığı addımları müsbət qiymətləndirəcək. Bunu artıq Ermənistan baş nazirinin çıxışlarında da müşahidə etmək mümkündür. Abu-Dabidə keçirilən görüşlərdə iqtisadi münasibətlərin daha da genişləndirilməsi, bu sahədə proseslərin sürətləndirilməsi və daha çevik mexanizmlərin tətbiqi ilə bağlı Azərbaycanın mövqeyi də ifadə olunub.
Bu addımlar eyni zamanda siyasi motivlərlə də bağlıdır. Sülh sazişinə aparan mərhələli proses çərçivəsində Ermənistan baş naziri həm siyasi mövqeyini, həm də müxalifət qarşısında mövqeyini möhkəmləndirməyə çalışır. Ermənistan cəmiyyətində bu proseslərin birmənalı qarşılanması vacibdir və baş nazirə verilən dəstək də məhz bu kontekstdə formalaşmalıdır. Gələcək seçkilər baxımından da bu addımların əhəmiyyəti böyükdür və görünür, Azərbaycan tərəfi də bu reallıqları nəzərə alaraq müəyyən dəstək nümayiş etdirir.

"Digər tərəfdən, sülh sazişi ilə bağlı mərhələli gediş davam edir. Artıq Ermənistan tərəfindən bəyan olunub ki, yaxın altı ay ərzində Konstitusiyada dəyişikliklər ediləcək və yeni Konstitusiyanın hazırlanması prosesi başlayacaq. Bu isə o deməkdir ki, Ermənistan sülh sazişinə doğru tədricən irəliləyir, cəmiyyət bu prosesə hazırlanır. Altı ay ərzində Konstitusiyanın dəyişdirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Bu addımlar sülh sazişinin imzalanmasına və iki ölkə arasında müharibə mərhələsinin tam başa çatmasına xidmət edir. Təbii ki, bu proses birdən-birə baş verməyəcək. Konstitusiyadan müvafiq bəndlərin çıxarılmasından sonra məsələlər daha da genişlənəcək və keçirilən görüşlər fonunda artıq sülh müqaviləsinə ən yaxın addımların atılması mümkün olacaq", - deyə siyasi şərhçi vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31