Birbaşa dialoq dövrü: Normallaşma prosesi praktik fazaya keçir- ÖZƏL
16:09 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Əbu-Dabidə keçirilən görüşdə ikitərəfli normallaşma prosesini davam etdirmək barədə razılığa gəliblər. Liderlər sülh və sabitliyin möhkəmləndirilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılması və etimad quruculuğu tədbirlərinin artırılmasına hazır olduqlarını bildiriblər. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı təmasları da müsbət qiymətləndirilib. Bu kimi görüşlərin tərəfləri real sülhə daha da yaxınlaşdırdığı vurğulanır.
Əbu-Dabidəki bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından hansı mərhələnin göstəricisi kimi qiymətləndirmək olar? Belə təmasların davamlı olması real sülh sazişinə aparan prosesi nə dərəcədə sürətləndirə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Əbu-Dabidə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində keyfiyyətcə yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir. Bu artıq "vasitəçilərin diktə etdiyi gündəm" yox, Azərbaycanın formalaşdırdığı regional reallıqlar üzərində qurulan ikitərəfli dialoq mərhələsidir.
Azərbaycan 2020-ci ildən sonra yaratdığı siyasi-hərbi status-kvonu diplomatik müstəvidə də institusionallaşdırır. Əbu-Dabi görüşü göstərdi ki, Bakı yalnız qalib tərəf kimi deyil, eyni zamanda regionda sabitliyin əsas memarı kimi çıxış edir. Sülh təşəbbüslərinin müəllifi və aparıcı tərəfi məhz Azərbaycandır-Ermənistan isə faktiki olaraq bu gündəmə uyğunlaşmaq məcburiyyətində qalıb.
Görüşün əsas məqamı ondan ibarətdir ki, tərəflər artıq ümumi şüarlar yox, konkret istiqamətlər üzrə danışırlar: sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və etimad quruculuğu mexanizmləri. Bu isə normallaşmanın praktiki fazaya keçdiyini göstərir.
Azərbaycanın mövqeyi dəyişməzdir və prinsipialdır: sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması, Ermənistan Konstitusiyasındakı revanşist müddəaların aradan qaldırılması və regionda xarici hərbi-siyasi təsirlərin minimuma endirilməsi fonunda mümkündür. Prezident İlham Əliyev bu xətti ardıcıl və sistemli şəkildə aparır- nəticədə Ermənistan artıq manevr imkanlarını itirib və reallıqla barışmağa məcbur olub.
Belə yüksək səviyyəli birbaşa təmasların davamlılığı real sülh sazişinə aparan prosesi sürətləndirə bilər. Lakin əsas məsələ görüşlərin sayı deyil, Ermənistanın öhdəlikləri yerinə yetirmə qabiliyyətidir. Azərbaycan artıq öz üzərinə düşəni edib: həm hərbi, həm diplomatik, həm də siyasi platformada regional sabitliyin əsas dayağına çevrilib. Əbu-Dabi görüşü onu göstərir ki, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası məhz Bakının strateji baxışı əsasında formalaşır. Bu prosesdə Azərbaycan passiv iştirakçı deyil-oyun qurucudur. Ermənistan isə gec də olsa anlayır ki, Azərbaycanın diktə etdiyi sülh gündəmindən kənarda qalmaq onun üçün yalnız daha dərin təcrid deməkdir".
Zeynəb Mustafazadə