Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiyanın növbəti taxıl partiyası göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolu ilə növbəti taxıl partiyası göndəriləcək.

Trend-in məlumatına görə, bu gün taxılla yüklənmiş 8 vaqon Azərbaycandan tranzit keçməklə Ermənistana yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında işğal dövründən etibarən mövcud olan Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətlərin Azərbaycan tərəfindən aradan qaldırıldığını bildirib.

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə taxıl daşınmasına 9 noyabr 2025-ci il tarixindən başlanılıb.

Qeyd edək ki, bu günədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə tranzitlə ümumilikdə 20 099,88 ton taxıl göndərilib.

Sonuncu dəfə fevralın 1-də Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə növbəti taxılla yüklənmiş vaqonlar yola salınıb.

Həmin vaqonlardakı taxılın ümumi çəkisi 1 746 ton təşkil edib.

Göndərilən taxılın ümumi həcminin 5 577,2 tonu ötən ildə, 14 942,38 tonu isə cari ildə daşınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31