Sülhə mane olan "təmsilçilik" absurduna son: Paşinyan niyə indi hərəkətə keçir? – ÖZƏL
15:59 Siyasət"Artsax adlı quruma daimi nümayəndəlik təsis olunması təbii ki, elə əvvəldən həm beynəlxalq hüquqa, həm də Ermənistan Konstitusiyasına zidd bir addım idi. Çünki beynəlxalq hüququn subyekti olmayan, özünü dövlət hesab edən uydurma bir qurum Ermənistanda daimi nümayəndəlik yaratmışdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, 44 günlük müharibədən və ondan sonrakı mərhələdə həmin problemin Azərbaycan Ordusu tərəfindən cəmi bir gün ərzində həll edilməsindən sonra bu uydurma qurumun daimi nümayəndəliyinin saxlanılması artıq absurd və məntiqsiz xarakter daşıyırdı. Təbii ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlik qətiyyətli addımların atıldığı bir şəraitdə belə bir uydurma qurumun "dırnaqarası" daimi nümayəndəliyinin mövcudluğu və fəaliyyəti ümumi proseslərə ciddi problem yarada bilərdi. Rəsmi İrəvan bu reallığı anlayır. Məhz buna görə də böyük ehtimalla rəsmi Bakının da tələbləri nəzərə alınaraq bu uydurma quruma aid bütün bu cür təsisatların ləğvi barədə qərar qəbul edilib.
"Ehtimal olunur ki, həmin quruma mayın 22-dək binanı tərk etmək üçün vaxt verilib. Görünür, bu tarixdən sonra məsələ bir dəfəlik yekunlaşmış olacaq. Digər tərəfdən, Paşinyan hakimiyyətinin özü də maraqlıdır ki, Artsax adlandırılan bu uydurma qurum üçün belə nümayəndəliklər mövcud olmasın. Çünki bu qurum Qarabağ klanı üçün hakimiyyətə qarşı etiraz dalğaları formalaşdıra biləcək bir platformaya çevrilə bilərdi. Üstəlik, dövlətin daxilində başqa bir "dövlətin" yaradılması Ermənistanın öz dövlətçiliyi üçün də ciddi təhlükədir. Paşinyan dəfələrlə bəyan edib ki, dövlət daxilində dövlət ola bilməz. Əgər bu hüquqi prinsipdirsə, deməli, Artsax adlı mövcud olmayan uydurma qurumun daimi nümayəndəliyi də ola bilməz. Üstəlik, bu "dövlətlərarası daimi nümayəndəliyin" fəaliyyətinə dair göstərişlər yalnız Ermənistan daxilindən deyil, Ermənistan xaricindən də verilirdi. Rusiyanın kəşfiyyat qurumları bu təsisatın təmsilçiləri vasitəsilə Paşinyan hakimiyyətinə qarşı etiraz proseslərini istiqamətləndirirdi", - deyə ekspert əlavə edib.
E. Xalidbəylinin sözlərinə görə, Paşinyan bu təhlükəni görməmiş deyil. Məhz buna görə də bu məsələni bir dəfəlik həll etmək qərarına gəlib. Əslində, Paşinyan hakimiyyəti bununla Ermənistana da yaxşılıq etmiş olur. Çünki yaxın gələcəkdə bu uydurma təsisat özünü siyasi qüvvə kimi təqdim edə və Ermənistanda hakimiyyət uğrunda mübarizənin tərəflərindən birinə çevrilə bilərdi. Belə görünür ki, Paşinyan hakimiyyəti bu problemi də tam həll etmək niyyətindədir. Bu baxımdan demək olar ki, nəhayət, Qafqazın ən ciddi problemlərindən birinin son qalıqları da artıq tamamilə silinmək üzrədir.
Lamiyə Cəbrayılova