Azərbaycan və BƏƏ hərbçilərinin bir-birlərindən öyrənəcəkləri çox şey var- ÖZƏL

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin Əbu-Dabidə keçirdikləri "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimində əsas məqsədin "ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmininə töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq" olduğu bildirilir. Amma bu təlimlərin məhz indi keçirilməsi, fikrimcə, həm də hazırda regionda yaranmış vəziyyətdən qaynaqlanan müəyyən təhdidlər olarsa, hər iki ölkənin birgə hərəkət edə biləcəklərini düşünməyə əsas verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçılarının da izlədikləri bu təlimlərdə hər iki ölkənin hərbçilərinin bir-birlərindən öyrənəcəkləri çox şey var. F-16 Block 60 və Mirage 2000 qırıcılarının çoxluq təşkil etdiyi güclü hərbi hava və hərbi hava hücumundan müdafiə qüvvələri olan Birləşmiş Ərəb Əmirlikləri ordusu sürətli lokal döyüşlər keçirməkdə yüksək ustalıq göstərməsi ilə fərqlənir; xaricdə - Yəməndə, Əfqanıstanda və bir sıra Afrika ölkələrində əməliyyatlar aparıb. Azərbaycan ordusu isə genişmiqyaslı quru döyüşlərində qələbə qazanmış, müdafiəyarma bacarığı ilə tanınan barmaqla sayılacaq qədər az ordulardan biridir. Yəni bir-birlərindən öyrənməli çox şey var. 
Hər iki ölkə öz hərbi sənayesini də uğurla böyüdür. BƏƏ-nin hərbi sənayesinin əsas sütunu - pilotsuz uçuş aparatları, ağıllı silahlar, zirehli texnika və kiber-müdafiə sahəsində 218 çeşiddə məhsul istehsal edən EDGE Group ötən il 3 milyard dollarlıq ixrac müqaviləsi imzalayıb.  2024-cü ilin yanvarında  "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu",  2025-ci ilin sentyabrında Şuşada   "Hərtərəfli Strateji Tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə imzaladığımız,  çox qısa müddətdə strateji tərəfdaşdan hərtərəfli strateji tərəfdaşa çevrilən bu dost ölkə ərəb dövlətləri arasında həm də özünün yüksək döyüş və müdafiə qabiliyyətli ordusunun olmasıyla  fərqlənir. BƏƏ-nin bu il üçün müdafiə büdcəsi təqribən 27 milyard dollardır. Ordusu say, hazırlıq və döyüş təcrübəsini uğurla əlaqələndirməyi bacardığına görə onu "Kiçik Sparta" da adlandırırlar. 
Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə bu səfərindən də görünür ki, bir çox baxımdan bir-birinə bənzəyən ölkələrimiz arasındakı  strateji tərəfdaşlıq həqiqətən də hərtərəfli xarakter alır və bu, sadəcə sənəd üzərində deyil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31