İslam ölkələri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsi zəruridir- ÖZƏL

Milli Məclisin deputatı Ceyhun Məmmədov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 55-ci iclasında çıxış edib. "Olaylar"ın məlumatına görə, millət vəkili çıxışında dünyada baş verən geosiyasi gərginliklər, müharibələr və çağırışlar fonunda İslam ölkələri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini, xüsusilə də ümumi dəyərlər, sülh və sabitlik naminə birliyin əhəmiyyətini vurğulayıb: "Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası və hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verdim. Qeyd etdim ki, qaçqın və məcburi köçkünlərimiz artıq öz doğma torpaqlarına qayıdır, bu isə dövlətimizin iradəsinin və xalqımızın birliyinin parlaq göstəricisidir.
Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə minnətdarlığımı bildirdim. Azərbaycanın Fələstin məsələsində ədalətli mövqeyi və beynəlxalq hüquqa əsaslanan sülh çağırışlarını da diqqətə çatdırdım.
Çıxışımda həmçinin regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərginliyin azaldılması və dialoqun təşviqi istiqamətindəki prinsipial mövqeyini qeyd etdim.
Konfrans iştirakçılarını bu ilin iyun ayında Azərbaycanda keçiriləcək İƏT Parlament İttifaqının Baş Assambleyasına dəvət edərək, Bakı şəhərinin dostluq, qardaşlıq və həmrəyliyin simvolu kimi bu tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğuladım. Bu cür beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin dinlənilməsi, dövlətimizin sülh, ədalət və əməkdaşlıq çağırışlarının alqışlanması hər birimiz üçün böyük qürurdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31