Aİ-nin yeni qaz reqlamenti: Azərbaycan üçün risk, yoxsa şəffaflıq imkanı? – ÖZƏL

"Avropa Birliyinin qaz təchizatında mənşə təsdiqini sərtləşdirən yeni reqlamenti ilk baxışda texniki nəzarət mexanizmi kimi görünür; ancaq mahiyyət etibarilə bu addım enerji bazarında siyasi risklərin azaldılması və Rusiya qazının dolayı yollarla Avropaya daxil olmasının qarşısının alınması məqsədi daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, bu kontekstdə Azərbaycan qazı üçün əsas təsir iki istiqamətdə dəyərləndirilə bilər. Bunlardan birincisi, güvənlilik və mövqe baxımından dəyərləndirmədir. Azərbaycan uzun illərdir Avropa üçün sabit, şəffaf və müqavilə intizamına sadiq təchizatçı kimi tanınır. Mənşə təsdiqinin sərtləşdirilməsi, əslində, bu imici zəiflətmir, əksinə, düzgün sənədləşmə və izləniləbilərlik təmin olunduğu halda Azərbaycan qazının Rusiya qazından institusional şəkildə ayrılmasını daha da aydınlaşdırır. Bu, siyasi güvən baxımından Bakının mövqeyini gücləndirə bilər. İkincisi, kommersiya və əməliyyat riski baxımından dəyərləndirmədir. Yeni mexanizmlər tranzit mərhələsində - özəlliklə Türkiyə üzərindən keçidlərdə - əlavə prosedur vaxtı və inzibati yük yarada bilər. Bu isə qısamüddətli dönəmdə loqistika xərclərinin artması və müəyyən texniki gecikmələr riski doğura bilər; lakin bu risk qiymətə kəskin təsir edəcək səviyyədə görünmür.

"Qiymət və uzunmüddətli anlaşmalara təsir məsələsinə gəldikdə isə bəli, idarəolunan risk mövcuddur. Uzunmüddətli qaz anlaşmaları adətən "götür və ya ödə" ("take-or-pay") mexanizmi ilə işləyir. Bu şərtə görə alıcı ölkə və ya şirkət anlaşmada nəzərdə tutulan minimum qaz həcmini faktiki götürməsə belə, həmin həcmə uyğun ödənişi yenə də etməlidir. Yəni qazı ya alırsan, ya da almadan pulunu ödəyirsən.
İkinci mexanizm kimi indeksləşməni vurğulaya bilərik. Bu mexanizm qorunduğu üçün mənşə təsdiqi tələbləri anlaşmaların ləğvini istəmədən, texniki uyğunlaşdırılmya səbəb ola bilər. Əgər sənədləşmə vaxtında və koordinasiyalı aparılarsa, qiymətə təsir minimum səviyyədə qalacaq", - deyə araşdırmaçı-yazar qeyd edib.

Ekspert əlavə edib ki, Avropa Birliyinin bu addımı Azərbaycan qazını hədəfə almaqdan çox, enerji bazarında qaydaları sərtləşdirmək və geosiyasi manipulyasiyaları bloklamaq cəhdi kimi xarakterizə oluna bilər. Azərbaycan üçün bu reqlament riskdən çox, şəffaflıq üzərindən mövqe möhkəmləndirmə imkanı yaradır - şərt odur ki, Bakı-Ankara-Brüssel xəttində koordinasiya çevik və vaxtında təmin olunsun.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31