Xaricdə təhsil alan gənclər Azərbaycanın qeyri-rəsmi təbliğatçılarına çevrilirlər- ÖZƏL
17:42 Siyasət"Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətində təhsil əsas prioritetlərdən biri kimi müəyyən edilib. Ümummilli Lider Heydər Əliyev hələ erkən dövrlərdən gənclərin yüksək biliklərə yiyələnməsini milli inkişafın əsas şərti hesab edirdi. Bu yanaşma müstəqillik dövründə daha da inkişaf etdirilərək dövlət strategiyasının ayrılmaz hissəsinə çevrildi". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışova deyib: "Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramları gənclərin intellektual potensialının artırılmasına xidmət edir. Dünyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlı gənclər müasir bilik və bacarıqlara yiyələnərək ölkəyə qayıdır və bu bilikləri dövlətin inkişafına yönəldirlər. Bu proses uzunmüddətli insan kapitalının formalaşmasına zəmin yaradır.
Xaricdə təhsil alan gənclər eyni zamanda Azərbaycanın qeyri-rəsmi təbliğatçılarına çevrilirlər. Onlar beynəlxalq mühitdə ölkəmizin mədəniyyətini, tarixini və haqq səsini təmsil edərək milli maraqların müdafiəsində fəallıq göstərirlər. Bu amil gənclərin üzərinə düşən məsuliyyəti daha da artırır. Nəticə etibarilə, təhsilə yönəlmiş gənclər siyasəti Azərbaycanın rəqabətqabiliyyətli və müasir dövlət kimi mövqeyini möhkəmləndirir. Təhsilli gənclər yalnız şəxsi uğur qazanmır, eyni zamanda ölkənin gələcək inkişafına real töhfələr verirlər".