İran-ABŞ nüvə sövdələşməsi yenidən gündəmdə: iqtisadi çıxış axtarışı- ÖZƏL

İran Ali Liderinin müşaviri Əli Şamxani bildirib ki, Tehran uranın zənginləşdirilmə səviyyəsini 60%-dən 20%-ə endirməyə hazırdır, lakin bunun qarşılığında ABŞ müvafiq "bədəl" ödəməlidir. Şamxani 60%-lik zənginləşdirmənin sadəcə təzyiq və danışıqlar üçün rıçaq olduğunu vurğulayıb. Avropanın vasitəçilik qabiliyyətini itirdiyini deyən rəsmi, İranın yalnız ABŞ ilə birbaşa praktik danışıqlara hazır olduğunu qeyd edib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Düşünürəm ki, burada əsas məsələ İranın iqtisadi vəziyyətini bərpa etməyə çalışmasıdır. Çünki İranın vəziyyəti hazırda çox çətin vəziyyətdədir və Venesuela hökumətinin keçmişdə üzləşdiyi durum məhz bununla bağlı idi- Venesuela hökuməti ölkədə baş verən iqtisadi fəlakətin, sürətli devalvasiyanın, ölkənin valyuta və pul ehtiyatlarının əriməsinin qarşısını ala bilmədi. Nəticədə ölkə iqtisadiyyatı kiçildi. İran da əgər iqtisadi problemlərin qarşısını ala bilməsə, onu da eyni taleyin gözlədiyini demək olar. Məhz buna görə də İran iqtisadi vəziyyətini düzəltməyə çalışır və İran hər zaman ABŞ və Qərblə iqtisadi maraqlar naminə əməkdaşlıq üçün nüvə proqramını dondurmağa hazır olduğunu bildirib. Bundan əvvəl də İran dəfələrlə məhz iqtisadi embarqonun açılmaması, iqtisadi əməkdaşlığın alınmaması səbəbindən uranın zənginləşdirilməsi prosesini davam etdirib. İndi əgər ABŞ iqtisadi əməkdaşlığa razı olsa və ya İrana dondurulmuş valyuta ehtiyatlarını, dondurulmuş bank hesablarını açsa, iqtisadi əməkdaşlığa icazə versə, İran yenidən öz içinə çəkilərək, mövcud hökumət hakimiyyətdə olduğu müddətdə uranın zənginləşdirilməsini iyirmi faiz həcmində saxlamağa və ya artırmağa çalışacaq. Bu, bəllidir. Amma əsas sual ABŞ-ın buna razı olub-olmayacağıdır. Bu, bir qədər qəribədir. Çünki ABŞ-a qələbə lazımdır- qısamüddətli və daha çox görüntü xarakterli bir qələbə. Yəni, "İran şərtləri yerinə yetirdi və nəticə əldə olundu" mesajı verilməlidir. Ancaq İsrail və Britaniya burada daha çox İranın daxilinə nüfuz edilməsinin və İrana daha ağır zərbələr endirilməsinin tərəfdarıdırlar.
Bu baxımdan deyə bilərik ki, ABŞ və İsrail müttəfiq olsalar da, İrana qarşı mövqeləri müəyyən qədər haçalanır. Belə bir mənzərə müşahidə olunur". 
 
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31