Bəhruz Quliyev: Lavrovun açıqlamaları İrəvana ünvanlanmış strateji “son mesaj”dır – ÖZƏL

Rusiya XİN rəhbəri Sergey Lavrovun 2025-ci ilin yekunları üzrə hesabatında Ermənistanın xarici siyasət kursu ilə bağlı sərt mesajlar yer alıb. Moskva bildirib ki, Ermənistanın iqtisadi rifahı Aİİ, təhlükəsizliyi isə KTMT çərçivəsində birbaşa Rusiya ilə müttəfiqlikdən asılıdır. Açıqlamada Qərbin regionda "xeyirxah niyyət" adı altında Rusiyaya qarşı təzyiq nöqtələri yaratdığı vurğulanıb, İrəvanın anti-Rusiya bloklarına qoşulmayacağı gözləntisi ifadə olunub. 

"Hesab edirəm ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun 2025-ci ilin yekunlarına dair hesabatında Ermənistanla bağlı səsləndirdiyi fikirlər diplomatik davranış deyi,  açıq siyasi xəbərdarlıq və mesaj xarakteri daşıyır. Bu açıqlamalar mahiyyət etibarilə Moskvanın İrəvana ünvanladığı "strateji son mesaj" kimi dəyərləndirilməlidir.
Lavrovun vurğuladığı əsas məqam ondan ibarətdir ki, Ermənistanın həm iqtisadi rifahı, həm də təhlükəsizliyi birbaşa Rusiya ilə müttəfiqlik formatına bağlıdır. Aİİ və KTMT-nin xüsusi olaraq qeyd edilməsi təsadüfi deyil. Moskva bununla açıq şəkildə göstərir ki, Ermənistanın Qərbə doğru atdığı hər addım real alternativ deyil, yalnız geosiyasi illüziyadır. Çünki real iqtisadi bazar, enerji resursları, təhlükəsizlik mexanizmləri hələ də Rusiyanın nəzarətindədir". 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. 

"Düşünürəm ki, Lavrovun "ağrı nöqtələri" ifadəsi isə Qərbin regionda xeyirxah niyyət pərdəsi altında Rusiyaya qarşı strateji mövqelər qurduğuna dair Moskvada formalaşmış ciddi narahatlığın göstəricisidir. Bu kontekstdə Ermənistanın ABŞ, Fransa və Avropa İttifaqı ilə hərbi-siyasi yaxınlaşması Kremlin qırmızı xətləri kimi təqdim olunur. Lavrovun "İrəvanın anti-Rusiya bloklarına qoşulmayacağına ümid edirik" deməsi əslində ümid yox, xəbərdarlıqdır", - deyə ekspert 
əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, bu bəyanatları eyni zamanda mümkün iqtisadi və siyasi təzyiqlərin anonsu kimi də oxumaq olar. Rusiya açıq sanksiya dili ilə danışmır, lakin enerji qiymətləri, miqrant amili, ticarət rejimləri və maliyyə kanalları kimi alətlər  əlində kifayət qədər təsirli rıçaqlardır. Ermənistanın mövcud sosial-iqtisadi vəziyyəti fonunda bu rıçaqların hansı nəticələr doğura biləcəyi İrəvanda yaxşı başa düşülür.

B. Quliyev bildirib ki, Rusiyanın Ermənistanla bağlı planlarına gəldikdə isə, məqsəd aydındır ki, Rusiya İrəvanı nə tam itirmək, nə də ona tam sərbəstlik vermək niyyətindədir. Ermənistan ya idarəolunan müttəfiq olaraq qalmalı, ya da regionda siyasi çəkisi minimuma endirilmiş periferiya dövlətinə çevrilməlidir.
Lavrovun açıqlamaları göstərir ki, Ermənistan qarşısında sadəcə xarici siyasət seçimi yox, dövlətçilik miqyasında taleyüklü qərar dayanır. Rusiya tərəfi öz  qərarını verib, indi söz Ermənistandadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31