Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi vacib amildir- ÖZƏL

"Azərbaycan Respublikasında gənclər siyasəti dövlətin strateji inkişaf prioritetlərinin əsas istiqamətlərindən birini təşkil edir. Gənclərin intellektual, mənəvi və sosial potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin olunması, dövlətin qarşıya qoyduğu uzunmüddətli hədəflərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, 2 Fevral - Azərbaycan Gəncləri Günü yalnız təqvimdəki rəsmi qeyd deyil, həm də dövlətin gənclərə göstərdiyi diqqət və qayğının simvolik ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib: " Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər gəncləri ölkənin gələcəyinin təminatçısı kimi qiymətləndirərək onların təhsilinə, sosial müdafiəsinə, ictimai fəallığına və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm vermişdir. Bu istiqamətdə normativ-hüquqi baza yaradılmış, institusional mexanizmlər formalaşdırılmışdır.
Hazırkı dövrdə bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət proqramları, strategiyalar və konsepsiyalar gənclərin təhsil imkanlarının genişləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və ictimai fəallığının artırılmasına yönəlmişdir. Dövlət gənclər siyasəti yalnız bugünkü, həm də uzunmüddətli inkişaf perspektivlərini nəzərə alan kompleks yanaşma əsasında həyata keçirilir.
Azərbaycan gəncliyi dövlətin bu siyasətinin nəticəsi olaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında fəal mövqe tutur. Gənclər dövlət və bələdiyyə orqanlarında, qeyri-hökumət təşkilatlarında, innovasiya və sahibkarlıq sahələrində məsuliyyətli fəaliyyət göstərir, ölkənin inkişaf prosesinə bilavasitə töhfə verirlər. Beynəlxalq platformalarda Azərbaycanı layiqincə təmsil edən gənclər dövlətin imkanlarından səmərəli istifadə edərək ölkənin nüfuzunun artırılmasına mühüm töhfə verirlər.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan gəncliyinin dövlətinə və xalqına sədaqətinin, vətənpərvərlik ruhunun parlaq nümunəsi olmuşdur. Gənclər Ali Baş Komandanın rəhbərliyi altında aparılan mübarizədə yüksək fədakarlıq və iradə nümayiş etdirmiş, torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak etmişlər. Bu tarixi Qələbə Azərbaycan gəncliyinin dövlətçilik ideallarına bağlılığını, milli maraqlara sadiqliyini təsdiqləyən əlamətdar hadisə kimi qiymətləndirilir.
Postmüharibə dövründə gənclərin üzərinə düşən vəzifələr daha da genişlənmişdir. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, regionların dayanıqlı inkişafının təmin olunması prosesində gənclərin bilik və təşəbbüskarlığından istifadə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu proseslər gənclərin ictimai məsuliyyət və vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verir.
Müasir dövrdə qloballaşma və rəqəmsallaşma gənclər qarşısında yeni tələblər formalaşdırır. Azərbaycan dövləti gənclərin rəqəmsal bacarıqlarının artırılması, innovativ təşəbbüslərə cəlb olunması və beynəlxalq rəqabət mühitinə uyğunlaşması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Eyni zamanda, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, Azərbaycançılıq ideologiyası əsasında yetişdirilməsi dövlət gənclər siyasətinin ayrılmaz hissəsidir.
2 Fevral - Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətin inkişafında rolunun və əhəmiyyətinin dövlət səviyyəsində tanınmasının bariz nümunəsidir. Bu əlamətdar gün gənclərə göstərilən diqqət və qayğının ifadəsi olmaqla yanaşı, onların üzərinə düşən vəzifələri də bir daha xatırladır. Dövlət və gənclər arasında formalaşmış qarşılıqlı etimad modeli sosial sabitliyin və uzunmüddətli inkişaf strategiyasının təminatçısıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31