DTX-nin həbs etdiyi azərbaycanlılar haqda vacib detallar bilindi – 4 məqam
15:39 SiyasətRusiya-Ukrayna müharibəsində iştirak etmiş 4 Azərbaycan vətəndaşını həbs edilməsi yenidən muzdlu döyüşçülər mövzusunu gündəmə gətirib. Daha əvvəl də azərbaycanlıların Suriya və digər Yaxın Şərq ölkələrindəki müharibələrə qoşulduğu və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu istiqamətdə əməliyyatlar apardığı məlum idi. Həmin hallarda döyüşə gedən şəxslər bunu əsasən "din yolunda missiya" kimi təqdim edirdilər. Rusiya-Ukrayna müharibəsində iştirak isə ideoloji və dini çağırışlardan uzaq, mahiyyət etibarilə tamamilə fərqli bir kontekst daşıyır.
Müsəlman ölkələrindəki müharibələr "ideoloji-dini motiv" kimi təqdim olunurdusa, Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların motivasiyası nədir? Belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyində necə tənzimlənir? Xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi necə təmin edilir?
Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, burada motivasiya fərqli olsa da, nəticə eynidir:
"Yəni söhbət xarici silahlı münaqişədə iştirak və dövlət üçün təhlükədən gedir. Düzdür, Suriyada, İraqda və digər Yaxın Şərq müharibələrində iştirak edən azərbaycanlılar öz fəaliyyətlərini adətən "cihad", "din yolunda missiya", "məzlum müsəlmanları qoruma" kimi təqdim edirdilər. Həm də bu narrativ iki məqsədə xidmət edirdi. Birincisi, fərdi vicdanı və ətrafı sakitləşdirmək, özünə təskinlik verməkdən ibarət idi. Digəri isə radikal qrupların ideoloji manipulyasiyasını legitimləşdirmək olub. Bu da cəmiyyətin həssas dini təbəqələri arasında çox yayğındır. Məsələn, onlar dini savadı olmayan, amma qeyri-qanuni dini təbliğatlar həyata keçirən bir qrup insanlardan eşitdiklərindən təsirlənir və nəticədə yanlış qərarlar verirlər. Bu da dünyanın bir çox yerlərində mövcuddur. Belə hallar çox zaman ictimai kataklizmə gətirib çıxarır".
Siyasi şərhçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində iştiraka maraq yaradan əsas amil maddiyyatdır:
"Bu adamlar yüngül, asan şəkildə pul qazanmağın yollarını axtaran bir qrupdur, amma qarşıda onları nəyin gözlədiyini bilmirlər. Məsələn, hərbi biliyi olmayan belə şəxslər müharibənin nə dərəcədə amansız və ölümün şiddətli olduğunu öncədən hiss etmirlər. Buna görə də onlar əsas meyar olaraq pul və maddi maraqları ön planda saxlayaraq özlərini oda atırlar. Bu qruplar içərisində sosial marjinallaşmaya məruz qalanlar da yer alır, hansı ki, onları ailələri, yaxınları alçaldır və nəticədə özlərini qəhrəman kimi tərənnüm etmək üçün belə yollara baş vururlar. Digər bir səbəb bəzi insanlarda postsovet refleksi və yanlış loyallıqdır. Yaxud bəziləri düşünürlər ki, Rusiya aqressordur və Ukraynanın azadlığı onun üçün haqq savaşıdır. Ən az faiz macəra axtaran qruplara düşür. Onlar cəmiyyətdə normal fəaliyyət tapa bilmədikləri və dünyanı yalnız bu cür üsullarla kəşf etmək istədikləri üçün bu cür yollara baş vururlar. Yəni məqsədlər fərqlidir, amma sonda əməl birmənalı cinayət məsuliyyəti daşıyır. Vətəndaşın borcu birinci növbədə öz sağlamlığı və təhlükəsizliyini qorumaqdır".
Hüquqşünas Ellada Bayramova bildirib ki, xarici silahlı münaqişələrdə iştirak Azərbaycan qanunvericiliyinə əsasən bir sıra hallarda cinayət məsuliyyəti yarada bilər:
"Bunlara Azərbaycanın razılığı olmadan xarici dövlətin silahlı qüvvələrinə qoşulma, qeyri-qanuni silahlı birləşmələrdə iştirak, eləcə də terrorçu və ya ekstremist qruplarla əlaqə daxildir. Cinayət Məcəlləsinin müvafiq maddələrinə görə, vətəndaşın xarici ölkədə silahlı əməliyyatlarda iştirakı hərbi xidmət qanunvericiliyinin pozulması, qanunsuz silahlı birləşmələrdə iştirak və ya terrorçu fəaliyyətə dəstək kimi qiymətləndirilə bilər. Bu hallarda şəxs cinayət məsuliyyətinə cəlb olunur, barəsində həbs və məhkəmə tədbirlərinin tətbiqi mümkündür".
Hüquqşünas əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə görə, dövlətlər digər dövlətlərin daxili işlərinə müdaxilə etməməlidir:
"Silahlı münaqişələrdə iştirak yalnız rəsmi dövlət ordularının tərkibində və ya beynəlxalq mandat əsasında mümkün sayılır. Könüllü şəkildə döyüş əməliyyatlarında iştirak beynəlxalq hüquqda tam şəkildə normallaşdırılmadığından, bu məsələdə əsas məsuliyyət milli qanunvericiliklə müəyyən edilir. Beynəlxalq hüquq baxımından rəsmi dövlət ordusuna qoşulma legitim hesab edilsə də, terrorçu və ya qeyri-dövlət silahlı birləşmələrinə qoşulma həm milli, həm də beynəlxalq hüquqla qadağandır. Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə döyüş əməliyyatlarında iştirak etmiş vətəndaşları sorğu-sual etməyə, həbs etməyə və məhkəməyə çıxarmağa səlahiyyətlidir. Bu proseslər milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun şəkildə həyata keçirilir. Cinayət əməlinin xarici dövlətdə törədilməsi isə beynəlxalq hüquqi əməkdaşlıq və məlumat mübadiləsi mexanizmləri vasitəsilə tənzimlənir"