Sabitliyi təmin edən siyasi dialoq mühitinin qorunması partiyanın prioritet fəaliyyət istiqaməti kimi qalacaqdır
15:07 SiyasətFevralın 3-də Ana Vətən Partiyasının yeni seçilmiş sədri, Milli Məclisin üzvü Günay Ağamalının Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşü keçirilib. AVP-dən "Olaylar"a bildirilib ki, Prezident Administrasiyasında keçirilmiş görüş zamanı Şöbə müdiri onu partiyanın sədri seçilməsi münasibətilə təbrik etdi, habelə bilavasitə dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu sayəsində təşviq olunan sağlam əməkdaşlıq mühiti çərçivəsində görülmüş işlərinin əhəmiyyəti haqqında fikirlərini səsləndirmişdir.
Görüş çərçivəsində Ana Vətən Partiyasının təkrar dövlət qeydiyyatına alınması, partiyanın fəaliyyəti, ideoloji prioritetləri, məsuliyyətli gənclərin aktiv siyasi fəaliyyətə cəlb olunması və digər bu kimi məsələlər haqqında söhbət açılmışdır. Günay Ağamalı sədrlik etdiyi partiyanın milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını vurğulamış və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması prosesində daha aktiv şəkildə fəaliyyət göstərəcəyini bildirmişdir.
Tərəflər Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, informasiya təxribatlarının zərəri, Qarabağda bərpa-quruculuq işləri və digər bu kimi aktual məsələlər haqqında müzakirələr aparılıb.