“Etibarlı təchizatçı” imici güclənir, amma risklər də qalır-Ekspert rəyi- ÖZƏL
15:05 SiyasətAvropa İttifaqı qaz təchizatında şəffaflığı artırmaq məqsədilə qaydaları sərtləşdirir. Yeni EU/261/ 2026 reqlamentinə əsasən Azərbaycan və Türkiyə üzərindən Avropaya daxil olan qazın Rusiya mənşəli olmadığı rəsmi sənədlərlə sübut edilməlidir. Mənşə təsdiqi qaz Aİ ərazisinə daxil olmadan əvvəl, xüsusilə Bolqarıstandakı Strandzha 1 kimi sərhəd məntəqələrində aparılacaq. Məqsəd Rusiya qazına qarşı tətbiq olunan embarqonun dolayı yollarla aşılmasının qarşısını almaq və enerji bazarında nəzarəti gücləndirməkdir.
Bu reqlament Azərbaycan qazının Avropa bazarındakı mövqeyinə və rəqabət qabiliyyətinə necə təsir göstərə bilər? Mənşə təsdiqi mexanizminin sərtləşdirilməsi qazın qiymətinə və uzunmüddətli müqavilələrə təsir riski yaradırmı?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Bu cür reqlament Azərbaycan qazının Avropa bazarındakı mövqeyinə ikili təsir göstərə bilər. Bir tərəfdən, mənşə şəffaflığının rəsmi və sistemli şəkildə təsdiqlənməsi Azərbaycanın etibarlı və siyasi riskləri nisbətən aşağı olan təchizatçı imicini gücləndirə bilər. Azərbaycan qazı artıq fiziki olaraq birbaşa hasilata söykəndiyi və uzunmüddətli infrastruktur layihələri ilə Avropaya çatdırıldığı üçün, sənədləşmə tələblərinə uyğunlaşmaq texniki baxımdan mümkün və idarəolunandır. Bu, Rusiya qazı ilə bağlı şübhələrin fonunda Avropa alıcıları üçün Azərbaycanı daha "təhlükəsiz" seçim kimi ön plana çıxara bilər. Digər tərəfdən isə əlavə yoxlama prosedurları, xüsusilə tranzit ölkələr üzərindən keçidlərdə, logistikanı və əməliyyat proseslərini mürəkkəbləşdirə, qeyri-müəyyənlik yarada və qısa müddətdə rəqabət üstünlüyünü zəiflədə bilər. Xüsusilə spot bazarda çeviklik azalarsa, Azərbaycan qazı digər alternativ mənbələrlə müqayisədə müəyyən dezavantajla üzləşə bilər.
Mənşə təsdiqi mexanizminin sərtləşdirilməsi qiymətlərə və uzunmüddətli müqavilələrə dolayı risklər yarada bilər, amma bu risklər avtomatik və qaçılmaz deyil. Əlavə inzibati tələblər tranzit xərclərini və vaxt faktorunu artıra bilər ki, bu da qısa müddətdə qiymətə təzyiq kimi əks oluna bilər. Bununla yanaşı, uzunmüddətli müqavilələrdə tərəflər bu yeni tələbləri nəzərə alaraq qiymət formullarına və risk bölgüsünə düzəliş edə bilərlər. Əgər Avropa üçün əsas prioritet sabit və sanksiya riskindən uzaq təchizatdırsa, bu cür reqlamentlər hətta uzunmüddətli müqavilələrin dəyərini artıra, yəni etibarlı təchizatçılara əlavə strateji üstünlük verə bilər. Beləliklə, qiymətə mənfi təsir ehtimalı olsa da, uzun müddətli perspektivdə bu mexanizm Azərbaycan qazının bazarda mövqeyini zəiflətməkdən çox, onu daha aydın və hüquqi cəhətdən qorunan çərçivəyə sala bilər".
Zeynəb Mustafazadə