Ermənistan Azərbaycan və Türkiyəyə dəmir yolunu Rusiya ilə birgə bərpa edəcək – ÖZƏL
14:34 SiyasətErmənistanda Azərbaycan və Türkiyə istiqamətində dəmir yolu xətlərinin bərpasının Rusiya tərəfinin birbaşa iştirakı ilə həyata keçiriləcəyi ilə bağlı anlayış mövcuddur.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.
Nazirin sözlərinə görə, Ermənistan hazırda Rusiya ilə İcevan və Axurik istiqamətlərində dəmir yolu xətlərinin bərpası üzrə danışıqları davam etdirir və razılaşmaya əsasən, bu işlər birgə şəkildə görüləcək.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinə Azərbaycan və Türkiyəyə aparan sərhədyanı dəmir yolu sahələrinin təcili bərpası ilə bağlı tapşırıq verib. Tapşırıq Yerasx-Azərbaycan (Naxçıvan) sərhədi və Axurik-Türkiyə sərhədi istiqamətlərini əhatə edir.
Qeyd edək ki, "Sülhün kəsişməsi" ("Crossroads of Peace") layihəsi çərçivəsində Ermənistanda Razdan-İcevan-Qazax-Ağstafa xəttinin (təxminən 318 milyon dollar), Yerasx-Goradis xəttinin (təxminən 61,5 milyon dollar) və Gümrü-Axuryan stansiyası xəttinin (8-9 milyon dollar) bərpası planlaşdırılır. Ermənistan tərəfinin təxmini hesablamalarına görə, ümumilikdə dəmir yolu infrastrukturunun təmirinə təxminən 500 milyon dollar vəsait xərclənəcək.