Putin Epşteynin əlindəki seks videolarından necə yararlanıb? – SENSASİON DETALLAR
11:52 SiyasətDünya mediası "Epşteyn sənədləri"ni incələyir: adlar, siyahılar, adalar, iyrənc detallar bəs deyincədir. Amma bu materiallara diqqətlə baxanda əsas məsələ nə cinsi cinayətlərdir, nə də məşhur adlar.
Əsas sual başqadır: bu qədər güc sahibi olan insanlar illərlə necə susub? Bu susqunluq təsadüfi olubmu?
Detallar üzə çıxdıqca aydın olur ki, söhbət fərdi azğınlıqdan yox, qlobal kompromat mexanizmindən gedir. "Epşteyn işi" göstərir ki, Qərb elitasının bir hissəsi sadəcə hüquqi riskə yox, geridönüşü olmayan asılılığa salınıb. Bu, adi münasibətlər deyil. Bu, qanunsuzluq, zorakılıq, təhdid və şantaj üzərində qurulan sistemdir. Elə materiallardır ki, nə məhkəmədə, nə də ictimai müzakirədə izah edilə bilir. Amma susdurmağa yetər.
Məhz bu kontekstdə Rusiya prezidenti Vladimir Putinin Qərb siyasətçiləri ilə münasibətləri daha aydın görünür. Putinin şəxsi görüşlərindən sonra bir çox liderlərin davranışında müşahidə olunan qəribə dəyişiklik - inamsız baxışlar, gərgin bədən dili, siyasi yumşalma təsadüfi görünmür. Bu, klassik diplomatiya deyil. Bu, psixoloji üstünlükdür.
Keçmiş postsovet liderlərindən birinin vaxtilə dediyi məşhur fikir bu gün daha real səslənir: Putin danışıqlar aparmır, o, insanları sistemə bağlayır. Bəs bu sistem necə formalaşıb?
Epşteyn şəbəkəsi lokal cinayət hadisəsi deyildi. Onun coğrafiyası qlobal idi, qurbanları və "müştəriləri" isə dünyanın ən nüfuzlu çevrələrindən çıxırdı. Bu qədər böyükmiqyaslı cinayət mexanizminin onillərlə Qərb kəşfiyyat orqanlarının diqqətindən kənarda qalması ciddi suallar doğurur. Ağlabatan ehtimallardan biri budur: bu şəbəkə sadəcə gözardı edilməyib, istifadə edilib. Xüsusilə də belə materialların Rusiya kəşfiyyatı üçün hansı dəyərə malik olduğunu təsəvvür etmək çətin deyil.
Qərb elitası haqqında kompromat bəzən raketdən də güclü silahdır. Bu cür sistemlərdə əsas "əmtəə" seks deyil. Əsas "əmtəə" qadağan olunmuş davranışın sübutudur - çirkli, qanunsuz, izaholunmaz hərəkətlərin video və sənədləri. Məhz buna görə bəzi multimilyarderlər və siyasətçilər Epşteynin adasına can atırdı. Adi zövqlər onları artıq qane etmirdi. Onlar qadağan olunmuş həddi keçirdilər və bunun müqabilində ömürlük girovluq alırdılar. Bu gün ictimaiyyətə açıqlanan sənədlər, böyük ehtimalla, aysberqin yalnız görünən hissəsidir. Epşteynin maliyyə dövriyyəsi, əlaqələrinin miqyası və işinin illərlə toxunulmaz qalması göstərir ki, real arxiv çox-çox dərindir: minlərlə ad, milyonlarla fayl, saysız-hesabsız həyat məhv edən sübutlar.
Əsas sual isə indi budur - bu arxiv kimin əlindədir?
Qərb analitik dairələrində dolaşan versiyaya görə, Vladimir Putin hakimiyyətə gəldikdən sonra sovet dövründən qalan və sonradan toplanan Qərb elitasına dair kompromat materiallarını mərkəzləşdirib. Bu, onun real güc kapitalına çevrilib. Məhz bu səbəbdən o, beynəlxalq tribunada bu qədər rahat və meydanoxuyan danışa bilir.
Qərb mətbuatı yazır ki, Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi məşhur çıxışın arxasında emosional cəsarət yox, təhlükəsiz əminlik dayanırdı. O, artıq bilirdi: qarşısında oturanların bir hissəsi onun əlindədir.
"Epşteyn işi" göstərdi ki, qlobal siyasət bəzən ideologiya və dəyərlərlə yox, qapalı otaqlarda çəkilmiş videolarla idarə olunur. Bu, XXI əsrin ən səssiz silahıdır. Nə səs çıxarır, nə iz buraxır. Sadəcə susdurur. Görünən odur ki, biz hələ bu sistemin yalnız bir hücrəsini görmüşük. Qlobal kompromat şəbəkəsinin neçə belə adası, neçə belə operatoru olub - hələ də naməlumdur.
Musavat.com