Paşinyanın "işğal" iddiası: Seçkiönü manipulyasiya, yoxsa sülhə zərbə? – ÖZƏL
16:12 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan ordunun 34-cü ildönümündəki çıxışında 2020-ci ildən sonra Azərbaycanın bəzi əraziləri "işğal etdiyini" iddia edib. O, bu problemin sərhəd komissiyalarının birgə Əsasnaməsi çərçivəsində həll olunacağını bildirsə də, erməni mediası ("Hraparak") hökuməti sərt tənqid atəşinə tutub. Media sorğu edir ki, niyə 215 kv. km ərazi və on minlərlə hektar torpaq hələ də geri qaytarılmayıb?
Maraqlıdır ki, hələ də Azərbaycanın 4 eksklav kəndini (Yuxarı Əskipara, Barxudarlı, Sofulu, Kərki) işğalda saxlayan Ermənistan tərəfi, bu məsələdə Bakını "işğalçı" adlandırmaqla siyasi ziddiyyət nümayiş etdirir.
"Ermənistan baş naziri tamamilə əsassız iddialar səsləndirir. Azərbaycan heç vaxt heç kimin ərazisini işğal etməyib, belə bir niyyəti də olmayıb və yoxdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, əgər ərazilərdən danışırıqsa, əksinə, tarixi faktlara əsaslansaq, Ermənistan Azərbaycana hələ daha çox torpaq qaytarmalıdır. Mən bunu yalnız qədim dövrlərə aid etmirəm, hətta sovet dövründən sonrakı mərhələdə belə, ermənilərə əsassız şəkildə verilmiş torpaqlara nəzər salsaq, bu faktlar aydın görünür. Əgər biz ədalətdən danışırıqsa, bu məsələ açıq şəkildə ortaya qoyulmalıdır: Azərbaycana qaytarılmalı olan ərazilər var.
"Mövcud proseslər fonunda bu cür açıqlamalar əsassızdır. Çünki Vaşinqtonda sənədlər paraflanıb, delimitasiya üzrə komissiya fəaliyyət göstərir və sülh prosesinin konkret mexanizmləri mövcuddur. Bu cür bəyanatlar heç bir hüquqi və siyasi parametrə uyğun gəlmir və vəziyyəti gərginləşdirməyə xidmət edir. Mən düşünürəm ki, bütün bu məsələlər məhz delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır. Delimitasiya komissiyası işləməlidir və öz işini ardıcıl şəkildə davam etdirməlidir. Azərbaycanın əlində kifayət qədər sənəd və sübut var ki, həmin torpaqlar məhz Azərbaycana məxsusdur və Azərbaycan heç bir ərazini işğal etməyib", - deyə ekspert əlavə edib.
Bəs Paşinyan niyə bu cür çıxışlar edir?
Güman edirəm ki, bunun əsas səbəbi Ermənistanda seçki prosesinin faktiki olaraq başlamasıdır. Artıq iyun ayında seçkilər keçiriləcək və bu məsələlər Paşinyana qarşı revanşist qüvvələr və müxalifət tərəfindən alət kimi istifadə oluna bilər. Paşinyan bu mövzuları gündəmə gətirməklə, müxalifətdə olan revanşist qüvvələrin əlindəki bəzi kartları zərərsizləşdirməyə çalışır. Məncə, əsas məqsəd də budur və onun başqa niyyəti yoxdur.
Eyni zamanda, bu cür açıqlamalar sülh sazişinin imzalanmasına zərbə vura biləcək addımlar kimi də dəyərləndirilə bilər. Seçkilərdən sonra hansı addımların atılacağı ilə bağlı müxtəlif variantlar mövcuddur. Güman edirəm ki, Paşinyan seçkilərdən sonra üzərinə götürdüyü öhdəlikləri həyata keçirməyə çalışacaq.
Lamiyə Cəbrayılova