"Rejimlə mübarizə, cəmiyyətlə dialoq": AŞ PA-nın yeni Rusiya strategiyası – ÖZƏL
14:18 SiyasətYanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞ PA) presedentsiz qərar verib. 2022-ci ildə təşkilatdan çıxarılan Rusiya nümayəndə heyətinin yerinə "Rusiya Demokratik Qüvvələrinin Yeni Platforması" adlı 15 nəfərlik mühacir müxalifət heyəti formalaşdırılıb. Heyətə Vladimir Kara-Murza, Mixail Xodorkovski, Harri Kasparov və digər tanınmış rus müxalifətçiləri daxildir. Beləliklə, AŞ PA-da Rusiyanı rəsmi Moskva deyil, mühacir müxalifət təmsil edəcək və heyət üzvləri rotasiya əsasında dəyişəcək.
"AŞ PA-nın bu qərarı ilk növbədə Moskva ilə Avropa arasında münasibətlərin artıq klassik diplomatik çərçivədən çıxdığını və normativ-siyasi müstəviyə keçdiyini göstərir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, Avropa Şurası faktiki olaraq Rusiyanın mövcud hakimiyyətini legitim siyasi tərəfdaş kimi qəbul etmədiyini, "Rusiya" anlayışını isə dövlət aparatından ayıraraq cəmiyyətin alternativ siyasi təmsilçiləri ilə eyniləşdirdiyini nümayiş etdirir. Bu, sanksiya və diplomatik təcriddən də irəli gedən addımdır: Avropa Rusiyanı sadəcə cəzalandırmır, onu təmsil etmək hüququnun kimə məxsus olduğu məsələsində açıq mövqe tutur. Mesaj aydındır: Kremlin siyasəti Avropa dəyərləri ilə barışmaz hesab edilir və Avropa Rusiyanın gələcəyini hazırkı hakimiyyətdə deyil, mühacirətdə formalaşan alternativ siyasi mərkəzlərdə görür.
"Bu addım eyni zamanda Moskvanın beynəlxalq platformalarda "Rusiya xalqının yeganə səsi" olma iddiasına ciddi zərbədir. AŞ PA faktiki olaraq deyir ki, Rusiya cəmiyyətinin siyasi iradəsi yalnız Kremlin institusional strukturları ilə ölçülə bilməz və müharibə, repressiya və siyasi qadağalar fonunda ölkəni tərk etməyə məcbur olmuş fiqurlar da legitim siyasi subyektdir. Bu yanaşma Avropanın Rusiyaya münasibətdə "rejimlə mübarizə, cəmiyyətlə dialoq" xəttini daha açıq və institusionallaşmış formaya saldığını göstərir. Moskva üçün bu, suverenliyə birbaşa siyasi müdaxilə kimi təqdim ediləcək və Kremlin ritorikasında "Qərbin Rusiyanı parçalamaq planı" narrativini gücləndirəcək", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın daxili siyasəti baxımından qərarın birbaşa qısa müddətli təsiri məhdud ola bilər, çünki müxalifət ölkə daxilində faktiki olaraq sıxışdırılıb və ictimai-siyasi sahə ciddi nəzarət altındadır. Lakin simvolik və orta-uzunmüddətli təsir potensialı yüksəkdir. Avropa Şurasının bu platformanı yaratması mühacir müxalifətə təkcə mənəvi deyil, siyasi legitimlik verir və onları "sürgündə olan dissidentlər"dən "alternativ siyasi elita" statusuna yaxınlaşdırır. Bu isə gələcəkdə mümkün tranzit ssenarilərində - istər hakimiyyət dəyişikliyi, istərsə də daxili böhran fonunda - həmin fiqurların beynəlxalq tanınmış aktorlar kimi masaya oturmaq imkanını artırır.
Digər tərəfdən, bu qərar Rusiyada qalan müxalif və tərəddüd edən sosial qruplar üçün ikili mesaj daşıyır. Bir tərəfdən, Avropanın açıq dəstəyi Kremlin təzyiq narrativini gücləndirə və daxildə "xarici təsir altında olan müxalifət" ittihamlarını daha da sərtləşdirə bilər. Digər tərəfdən isə, xüsusilə elita daxilində və uzunmüddətli perspektivdə, "Kreml sonrası Rusiya"nın artıq beynəlxalq müstəvidə konturları çəkilir fikrini formalaşdıra bilər. Bu, indiki mərhələdə səssiz olsa da, gələcəkdə daxili siyasi davranışlara təsir edə biləcək psixoloji və siyasi fon yaradır.
"Nəticə etibarilə, AŞ PA-nın qərarı Moskva ilə Avropa arasında münasibətlərin geri dönməz şəkildə dəyərlər və legitimlik müstəvisinə keçdiyini göstərir. Bu addım Rusiyanı dərhal dəyişdirməsə də, Avropanın Rusiyanın gələcəyinə dair hansı siyasi aktorları qəbul etməyə hazır olduğunu açıq şəkildə ortaya qoyur və bu, həm Kremlin beynəlxalq təcridinin dərinləşməsi, həm də mühacir müxalifətin strateji çəkisinin artması baxımından ciddi siqnaldır", - deyə siyasi şərhçi vurğulayıb.
Lamiyə Cəbrayılova