“Gənclər Günü gənclərin cəmiyyətdəki real rolu haqqında düşünmək üçün bir fürsətdir”
11:50 SiyasətMilli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə müsahibə
- Fazil müəllim, 2 fevral-Gənclər Günü münasibətilə gənclərimizə mesajınız nədir?
- İlk növbədə bütün gənclərimizi Gənclər Günü münasibətilə təbrik edirəm. Bu gün sadəcə bayram deyil, həm də gənclərin cəmiyyətdəki real rolu haqqında düşünmək üçün bir fürsətdir. Gənclər yalnız gələcəyin deyil, bu günün də fəal iştirakçılarıdır.
- Dövlətin gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Dövlətin gənclər siyasətində kifayət qədər müsbət addımlar atılıb. Təhsil imkanlarının genişlənməsi, gənclərin beynəlxalq proqramlarda iştirakı, ictimai fəallığın təşviqi bunu deməyə əsas verir. Eyni zamanda, onu da yaddan çıxarmamalıyıq ki, bu siyasətin daha nəticəyönümlü və daha əhatəli olması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var.
- Sizin fikrinizcə, hansı sahələrdə problemlər daha qabarıqdır?
- Gənclərin məşğulluğu, regionlarda yaşayan gənclərin imkanlara çıxışı və ictimai proseslərinə real təsirləri hələ də aktualdır. Gənclər siyasəti yalnız formal tədbirlərlə məhdudlaşmamalı, onların gündəlik sosial və hüquqi problemlərinə həll yolları təqdim edilməlidir.
- Gənclərin ictimai fəallığı bəzən müzakirə mövzusuna çevrilir. Bu məsələyə münasibətiniz necədir?
- Mən hesab edirəm ki, gənclərin ictimai fəallığı inkişaf əlamətidir. Vacib olan bu fəallığın sağlam düşüncə, hüquqi bilik və dialoq üzərində qurulmasıdır. Fərqli baxışların ifadəsi demokratik cəmiyyətin əsas göstəricilərindəndir.
- Komitə sədri kimi gənclərlə bağlı hansı məqamlara xüsusi önəm verirsiniz?
- İctimai birliklərin və gənclər təşkilatlarının real fəaliyyət göstərməsi, dini və dünyəvi dəyərlər arasında sağlam balansın qorunması çox vacibdir. Gənclərin radikal təsirlərdən uzaq, düşünən və məsuliyyətli vətəndaş kimi formalaşması dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyır.
- Sonda gənclərə nə demək istərdiniz?
- Gənclərə çağırışım budur ki, zamanla ayaqlaşaraq, elmi-texniki nailiyyətlərə və müasir dövrün yeni ixtisaslarına dərindən yiyələnsinlər, keçmişdə baş verən hadisələri düzgün qiymətləndirib obyektiv təhlil etsinlər, tariximizi dərindən öyrənsinlər, öz hüquqlarını bilsinlər və cəmiyyətimizlə dövlətçiliyimiz qarşısında məsuliyyətlərini lazımınca dərk etsinlər.