Gənclər ölkənin gələcək kadr potensialını təşkil edir- ÖZƏL

"Dövlətlərin nüfuzu ilk növbədə savadlı, peşəkar, milli dəyərlərə bağlı və təşəbbüskar insan kapitalı ilə müəyyən olunur. Bu kapitalın əsasını isə gənclər təşkil edir. Buna görə də gənclərə investisiya qoyuluşu gələcəyə hesablanmış ən mühüm strateji addım, dövlətin uzunmüddətli inkişafının və təhlükəsizliyinin əsas təminatıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: " Ulu Öndər Heydər Əliyevin "Bizim xalqımızın gələcəyi gənclərdir" fikri gənclərlə bağlı həyata keçirilən siyasətin ideoloji bünövrəsini təşkil edib. Ümummilli Liderin baxışına görə, gənclər həm fiziki cəhətdən sağlam, həm də yüksək bilik, əxlaq və milli-mənəvi dəyərlərə malik olmalıdırlar. Gənclər siyasətinin institusional əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlardan biri 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Bu qərar gənclərlə işin vahid mexanizm üzrə koordinasiyasını təmin etdi. Ardınca 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi və gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə iştirakı üçün geniş imkanlar yaradıldı.

Tarixi əhəmiyyət kəsb edən qərarlardan biri isə Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-sinin Gənclər Günü elan edilməsi oldu. Həmin təşəbbüs MDB və Şərqi Avropa məkanında bir ilk idi. Maraqlıdır ki, 1999-cu ildə BMT tərəfindən 12 avqust Beynəlxalq Gənclər Günü təsis edildi. Bu fakt həyata keçirilən siyasətin nə qədər uzaqgörən xarakter daşıdığını aydın şəkildə göstərir.

1999-cu ildə imzalanmış "Dövlət gənclər siyasəti haqqında" Fərman və 2002-ci ildə qəbul edilmiş "Gənclər siyasəti haqqında" Qanun isə bu sahənin hüquqi bazasını möhkəmləndirdi, məqsəd və prinsipləri dəqiq müəyyənləşdirdi. Həmin illərdə istedadlı gənclərə xüsusi qayğı göstərildi, "Qızıl kitab" təsis olundu, xüsusi təqaüdlər verildi, yüksək bal toplayan abituriyentlərlə şəxsən görüşlər keçirildi. Xaricdə təhsil ənənəsi bərpa edildi və 2003-cü ildə 3000-dən artıq gənc dünyanın 40-a yaxın dövlətində 160 ixtisas üzrə ali təhsil alırdı. Bu addımlar ölkənin gələcək kadr potensialının formalaşdırılmasına xidmət edən strateji qərarlar idi"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31