Gənclərimiz ölkənin davamlı inkişafına öz töhfələrini verirlər- ÖZƏL
2 Fevral 11:40 Siyasət"Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatında fəal iştirak edirlər. Gənclərə göstərilən dövlət qayğısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasətinin əsas prioritetlərindəndir. Bu gün Azərbaycan gəncliyi yüksək intellektual səviyyəsi, vətənpərvərliyi və təşəbbüskarlığı ilə seçilir, ölkənin davamlı inkişafına öz töhfələrini verir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində gənclərin mükəmməl təhsil alması, peşəkar kadr kimi formalaşması və cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. Gənclər üçün yaradılan müasir təhsil imkanları, startap və innovativ təşəbbüslərə verilən dəstək onların potensialının üzə çıxarılmasına xidmət edir. Gənclərin intellektual səviyyəsinin artırılması, sağlam həyat tərzinin təşviqi, onların ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi məqsədilə ölkə üzrə çoxsaylı layihələr və proqramlar həyata keçirilir. Gənclərimizin beynəlxalq arenalarda qazandığı uğurlar, müxtəlif sahələrində əldə etdikləri nailiyyətlər Azərbaycan dövlətinin gücünü və gələcəyə olan inamını nümayiş etdirir".