Qazaxıstanın hakim partiyası ilə Vahid Rusiya arasında əməkdaşlıq müqaviləsi imzalanıb- ÖZƏL
10:35 SiyasətQazaxıstanın hakim "Amanat" partiyası ilə Rusiyanın "Vahid Rusiya" partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Rusiya nümayəndə heyətinin Astanaya rəsmi səfəri çərçivəsində bağlanıb.
Olaylar.az xəbər verir ki, məlumata görə, sənəd Rusiya tərəfdən "Vahid Rusiya" Partiyasının Baş Şurasının katibi, Federasiya Şurası sədrinin birinci müavini Vladimir Yakuşev, Qazaxıstan tərəfdən isə "Amanat" Partiyasının icraçı katibi Daulet Karibek tərəfindən imzalanıb.
Tədbirdə çıxış edən Daulet Karibek bildirib ki, "Amanat" partiyası ölkələrarası münasibətlərin inkişafına töhfə verən partiyalararası əməkdaşlıqda maraqlıdır. Onun sözlərinə görə, tərəflər partiya quruculuğu, gənclərlə iş və partiya institutlarının inkişafı sahəsində təcrübə mübadiləsinə xüsusi önəm verirlər. Karibek qeyd edib ki, yenilənmiş saziş əməkdaşlığa əlavə impuls verəcək və bu, partiyalar arasında münasibətlər tarixində yeni səhifə açacaq.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Yakuşev isə sazişin imzalanmasının təkcə partiyalar üçün deyil, həm də hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Rusiya və Qazaxıstan xalqları əsrlərlə davam edən dostluq və ortaq tarixi talelə malikdir və bu gün Avrasiya məkanında ən yaxın müttəfiqlər sırasındadırlar.