Sülh sazişi Paşinyan üçün legitimlik aləti kimi: Mirzoyanın açıqlamasının daxili hesabı - ÖZƏL
16:27 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞ PA-dakı çıxışında Azərbaycanla sülhün artıq real olduğunu bəyan edib. Nazir 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış birgə bəyannaməni və paraflanmış sülh sazişini xatırladaraq, prosesin artıq praktik mərhələyə keçdiyini bildirib.
Mirzoyan qeyd edib ki, suverenlik və ərazi bütövlüyü prinsiplərinə söykənən sülh müqaviləsinin yaxın aylarda imzalanması və ratifikasiyası tamamilə mümkündür.
Ermənistan XİN başçısı "yaxın aylar" deməklə nəyə işarə edir? Konstitusiya referendumu seçkilərdən önə keçirilə, yaxud seçkilər ertələnə bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Ermənistanın xarici işlər naziri Mirzoyanın Azərbaycanla sülh müqaviləsinin yaxın vaxtlarda imzalana biləcəyi ilə bağlı açıqlamasına bir neçə konteksdən yanaşmaq lazımdır. Əvvəla bu açıqlama Ermənistanla münasibətlərdə iqtisadi blokada siyasətindən imtina edən və sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə rəsmi İrəvanı yanacaqla təmin etməyə başlayan Azərbaycan iqtidarına ismarıcdır, o anlamda da rəsmi Bakıda erməni tərəfinin götürülmüş öhdəliklərlə bağlı şərtlərə əməl edəcəyi barədə şübhələr yaranmasın. Digər tərəfdən məlum açıqlama tərəflərin ortaq məxrəcə gəlməsini öz uğuru kimi qələmə verən ABŞ prezidenti Trampa da bir növ ünvanlanmış ismarıcdır ki, rəsmi İrəvan Vaşinqton qarşısında öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir, onların realizə olunması üçün bütün vasitələrdən istifadə edəcək. Nəhayət bu açıqlama Azərbaycanla növbəti müharibənin Ermənistanda doğura biləcəyi rezonansdan ehtiyat edən və çəkinən erməni cəmiyyətinin məlum kəsiyinə ünvanlanmış çağırışdır. Daxili auditoriyaya hesablanmış bu çağırışda isə məqsəd ondan ibarətdir ki, Ermənistanda sabitlik və sülhün təminatçısı ola biləcək yeganə siyasi qüvvə Paşinyan və onun iqtidarıdır, bu mənada məlum çağırış Ermənistanda parlament seçkiləri ərəfəsində elektorata ünvanlamış siyasi gediş olmaqla rəsmi İrəvana siyasi dividentlərin qazanılmasına xidmət edə biləcək addımdır. Azərbaycanla sülh müqaviləsi Paşinyana legitimlik mandatını qazandıra biləcək vasitə kimi nəzərdən keçirilir. Bu anlamda hakim komanda seçkilərin vaxtından əvvəl keçirilməsi barədə nəzəri baxımdan qərar qəbul edə bilər. Bununla belə referendumun seçkilərlə eyni vaxtda keçirilməsi barədə qərar çətin ki, ölkədaxilində siyasi qüvvələr arasında münasibətlərin hazırkı nisbəti baxımından qəbul edilsin. Paşinyana mütləq seçkilərdə qələbə qazanmaq və legitimliyin növbəti nümayişindən sonra referenduma getmək sərf edir, tarix qalibləri mühakimə etmədiyi kimi Paşinyan da referenduma çıxarılmış məsələlərin ona səs vermiş seçicilər tərəfindən dəstəklənəcəyi ümidi ilə ümumxalq sorğusuna getmək istəyəcək, zira Azərbaycanla sülh müqaviləsinin imzalanması rəsmi Bakının irəli sürdüyü şərtlərin Ermənistan cəmiyyəti tərəfindən qəbul edilməsini ehtiva edir. Paşinyanın isə seçkilər ərəfəsində həyacanlanmaq üçün kifayət qədər səbəbləri var. Əvvəla, onun antiklerikal siyasəti erməni cəmiyyətində hədsiz qıcıq doğurub, bu da anlaşılandır, kilsənin tarix boyu erməni xalqının dünyagöruşunə təsir imkanları böyük olub, onu Rusiya ilə əlaqələrdə suçlamaq Paşinyanın iştirakçısı olduğu geosiyasi oyunun tələbləri baxımından anlaşılan olsa da, lazımı effekt verməyib, əsrlər boyu məlum maraqlar və prinsiplər üzərində formalaşan kilsə iyerarxiyasını, onun strukturlarını inzibati gedişlərlə dağıtmaq qeyri-mümkündür, bunun mahiyyətinə Paşinyan da varır, görünür buna görə də kilsə xadimlərinin birinin ünvanına söylədiyi fikirlərdən sonra ölkə əhalisinin dini kəsimindən üzr istəmişdir, bu isə geriyə doğru atılmış addımdır.
Paşinyanın son iki ildə reytinqinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsini Qərbə məxsus sorğu mərkəzləri özləri də etiraf edirlər. O hər nə qədər ölkədə antirusiya ovqatı qızışdırmağa cəhd göstərsə də bu sahədə Qərbi tam mənada təmin edəcək mənzərənin yaranmasına nail olmayıb. Paşinyan nəinki Ermənistanın, hətta bütün Cənubi Qafqazın iqtisadi ticari dövriyyəsində ABŞ və Rusiyanın nə qədər fərqli çəkiyə malik olmalarının fərqinə varmalı idi. ABŞ-ın bütün Cənubi Qafqazla ticari dövriyyəsi onun ticari sövdələşmələrinin 0,02%-i təşkil edir, Rusiyanın dominat olduğu Avrasiya İqtisadi Birliyi ilə münasibətləri Ermənistan tərəfinin iqtisadi gəlirləri onun gəlirlərinin 26%-i təşkil edir. Azərbaycan dəmir yolu ilə Rusiyadan daşınmaların artmasından sonra bu göstəricilər yüksəlməyə başlamışdır. Ölkədə parlament seçkilərinin keçirilməsi ərəfəsində bu Ermənistan muxalifətinin Paşinyana münasibətdə əsas ittihamlarından birinə çevrilmişdir. Muxalifət onun Tramp layihəsinin də ölkəyə ciddi iqtisadi dividentlər gətirməyəcəyini iddia edir və ABŞ-ın bu layihəyə marağının əsasən geopolitik maraqlarla, ilk növbədə İran rejimi ilə bağlı olduğunu bildirir. Bütün bunların konteksində Paşinyanın vaxtından əvvəl seçkilərə gedə biləcəyi ilə bağlı ata biləcəyi addımlar, ilk növbədə onun Kreml ilə aparacağı danışıqlar və əldə edilə biləcək razılıqlardan asılı olacaq ölkə daxilində hadisələrin inkişafına da məhz bu razılıqlar təsir göstərəcək".
Zeynəb Mustafazadə