Avropa dövlətləri İran müharibəsinə qoşulmaqdan qorxurlar
13:28 SiyasətAvropa dövlətləri İrana hərbi hücum edəcəyi təqdirdə ABŞ-yə hərbi dəstək verməyəcəklərini media vasitəsilə ifadə etməyə başlayıblar. Məsələn, İngiltərənin məşhur "The Guardian" qəzeti Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verib ki, ABŞ-ın İrana mümkün hücumunda Böyük Britaniyanın ona kömək etməsi ehtimalı azdır. Qəzetin məlumatına görə, London hesab edir ki, İrana ilk zərbə Britaniyanın beynəlxalq hüquq anlayışına uyğun gəlmir.
Avropa dövlətləri İranın cavab zərbəsindən qorxurlar?
Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Avropa dövlətləri İranın cavab zərbələrinin olacağından ehtiyat edirlər. Avropa dövlətlərinin mövqeyi emosional deyil, soyuq strateji hesablamaya əsaslanır: "Bu dövlətlər fərqindədirlər ki, Avropa üçün İran müharibəsi "uzaq münaqişə" olmayacaq. ABŞ üçün Yaxın Şərqdə müharibə coğrafi baxımdan uzaqdır, Avropa üçün isə birbaşa yaxın təhlükə zonasıdır. Avropa İranın cavab zərbəsinin hədəfinə daha asan və tez düşə bilər. Amerika isə coğrafi baxımdan uzaqdadır. Avropa düşünür ki, müharibə hörmüz boğazının bağlanmasına, neft-qaz qiymətlərinin kəskin artmasına, qaçqın axınına və Avropada sosial-iqtisadi problemlərə gətirib çıxara bilər. Soyuqqanlı Avropa İranın cavab imkanlarını kiçiltmir. Avropa İrandan "hərbi supergüc" kimi qorxmur, amma asimmetrik müharibə qabiliyyətini çox ciddiyə alır. İranın ballistik raketləri, dronlaı, dənizdə sabotaj imkanları, proksi qüvvələrə sahib olması da Avropa üçün Avropa üçün ehtiyatlanmaq üçün səbəblərdəndir. Eyni zamanda müharibənin idarəolunmaz şəkildə genişlənməsindən ehtiyat edirlər. Avropa liderləri sadaladığımız riskləri və gedişlatda meydana çıxa biləcək əlavə təhlükələri görürlər və ona görə də ABŞ-İran müharibəsinə qoşulmaq istəmirlər".