Bu, Azərbaycan mədəni tarixi üçün çox böyük hadisədir - Rafael Hüseynov
13:08 SiyasətAzərbaycanın minlərlə tarixi-mədəni abidəsi otuz illik işğal dövründə bizə əlçatmaz olub.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov media nümayəndələri üçün bu gün "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyası zamanı deyib.
Onun sözlərinə görə, suveren Azərbaycan reallığında mədəni irsə də bütöv bir baxış keçirmək mümkündür:
"Bu mənada, bu gün Azərbaycan öz mədəni irsinə bütöv yanaşır və onu bütövlükdə tədqiq edir. İşğal dövründə həmin mədəni irs dağıdılıb, zədələnib. Biz indi o irsi bərpa etməklə yanaşı, dünyaya tanıtmaq istiqamətində də işlər aparırıq".
Rafael Hüseynov qeyd edib ki, ilk dəfə Azərbaycanda kompleks şəkildə belə bir mədəni konsepsiya yaradılıb:
"Bu, Azərbaycan mədəni tarixi üçün çox böyük hadisədir. Bizim əsas vəzifəmiz gələcək çağırışlara cavab verə bilməkdir".