Sülh təşəbbüsləri artıq siyasi reallığa çevrilib - ÖZƏL
18:42 Siyasət"Əslində, bu mövqe Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən gecikdirilmiş mövqedir. Çünki Azərbaycan tərəfi sülh istiqamətində kifayət qədər addımlar atıb və Ermənistan bu addımlara çoxdan adekvat cavab verməli idi."
Bu fikirləri siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:
"Məsələn, 8 avqust 2025-ci il tarixində Ağ Evdə əldə olunan razılaşmadan sonra məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə vətəndaş cəmiyyəti nümayəndələri arasında etimad mühitinin formalaşdırılması məqsədilə ilk olaraq Azərbaycan vətəndaş cəmiyyəti üzvləri Ermənistana səfər etdilər və orada müxtəlif görüşlər keçirdilər. Daha sonra Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Bakıya səfər edərək eyni formatda görüşlər apardılar.
Bunun ardınca Azərbaycan tərəfi öz ərazisi vasitəsilə Rusiya və Qazaxıstandan Ermənistana taxılın daşınması üçün tranzit imkanları yaratdı. Daha sonra isə, iki dəfə Ermənistana neft məhsullarının və benzinin daşınması ilə bağlı addımlar atıldı. Bütün bu addımlar əslində onu göstərir ki, Azərbaycan sülh istiqamətində əvvəlki kimi qətiyyətli və ardıcıl siyasət yürüdür.
Təbii ki, Ermənistan tərəfi də bu addımlara layiqli və adekvat cavab verməlidir. Azərbaycan ərazisindən Ermənistana taxılın və yanacağın göndərilməsi həm Ermənistan cəmiyyətinə, həm də Ermənistan vətəndaşlarına ünvanlanan açıq bir mesajdır. Bu mesajı anlamaq istəyən Ermənistan cəmiyyətinin müəyyən kəsimi onu artıq qəbul edib.
Nikol Paşinyanın bu mövqeni ortaya qoyması, əslində, Ermənistanın sülh istiqamətində atmalı olduğu addımların zəruriliyini gündəmə gətirir və bu, Ermənistan hökumətinin Azərbaycan tərəfindən atılan sülh təşəbbüslərinə adekvat cavab vermək öhdəliyini bir daha aktuallaşdırır.
Bu baxımdan düşünürəm ki, ümumilikdə atılan addımlar sülhə real töhfədir. Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən addımlar və Ermənistanın bəzən bu addımlara adekvat cavab verməsi, bəzən isə verməməsi bütövlükdə Cənubi Qafqazda sülh prosesini irəlilədən amil kimi çıxış edir. Faktiki olaraq, 8 avqust 2025-ci il tarixində Cənubi Qafqazda sülhün siyasi baxımdan reallaşdırılması prosesi başa çatmış hesab oluna bilər.
Lakin Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşdırılması və sülh prosesinin yekunlaşdırılması üçün sülh sazişinin imzalanması vacibdir. Bu isə daha çox Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsindən keçir. Bu tələb hələ də qüvvədədir və Ermənistan tərəfi hazırda buna əməl etmir. Gözləntilər ondan ibarətdir ki, bu dəyişikliklər cari ilin ikinci yarısında reallaşa bilər.
Məhz bundan sonra Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasına heç bir qüvvə mane ola bilməz."
Qeyd edək ki, Ermənistanda ordu günü ilə bağlı çıxışlarında Paşinyan Qarabağ məsələsinin onun üçün qapandığını bildirmişdi.
İbrahim Məmmədli