Azərbaycan Prezidenti bütün tərəflərə əməkdaşlıq təklif edir- ÖZƏL
17:44 Siyasət"Təhlükəsizlik arxitekturası yenidən qurulur. ABŞ-nin Prezidenti Donald Trampın atdığı gözlənilməz və cəsarətli addımlar, btüövlükdə verdiyi qərarlar bu təhlükəsizlik arxitekturasının qurulmasında önəmli rol oynayır. Habelə, bu siyasət müxtəlif regionlardan da fərqli yanaşma, eyni zamanda ABŞ-nin siyasətinə baxışda və reaksiyada praqmatiklik tələb edir. Aydın məsələdir ki, Tramp öz adını tarixə həkk etdirmək istəyir. Bu baxımdan da prezidentliyinin qalan dövründən maksimum dərəcədə istifadə etməyə çalışır. Qrenlandiyanı ABŞ-yə birləşdirmək istəyi onun tarixə ABŞ-yə torpaq qazandıran lider kimi düşmək ambisiyasından irəli gəlir." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:
"Bu məsələlər fonunda təbii ki, diqqətçəkən digər məqamlardan biri ABŞ ilə İran arasında baş verən hadisələrdir. ABŞ-nin bir neçə gün ərzində İranı vuracağı ilə bağlı ciddi narahatlıqlar var. İran xarici işlər naziri Abbas Əraqçının Türkiyəyə səfərinin baş tutması həm regional, həm də beynəlxalq nizamda baş verən hadisələrlə bağlıdır. Şübhəsiz ki, ABŞ-Türkiyə arasında münasibətlərin mövcud durumunda bu səfər xüsusi önəm qazanır. Regional təhlükəsizliyin önəmi daha da artmağa başlayıb. Türkiyə İrana qarşı yenidən hərbi müdaxilənin qəti əleyhinədir. Bölgədə sülh və sabitlik heç zaman olmadığı qədər mühüm əhəmiyyət kəsb edir. Məsələlərə bu kontekstdən yanaşdıqda, Ermənistanın da son dərəcə həlim siyasət ortaya qoyduğunu görürük. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu yanaşması şübhəsiz ki, ilk növbədə qarşıdan gələn seçkilərlə əlaqədardır. Onun "Sputnik Ermənistan"a verdiyi açıqlamalar, habelə, xarici işlər naziri Ararat Mirzoyanın AŞPA-da verdiyi açıqlamalar da bunu təsdiq edir. Ermənistan nəhayət dərk edir ki, ən azından tranzit ölkə kimi layihələrdən gəlir əldə edə bilər.
Paşinyanın "Ermənistan enerji ixrac potensialı hansısa səbəbdən reallaşmasa belə, ən azından ölkə tranzitdən gəlir əldə edəcək" fikri bununla əlaqədərdir. Təbii ki, Ermənistanda və Azərbaycanda izafi elektrik enerjisi beynəlxalq bazarlara potensial çıxış imkanı deməkdir. Azərbaycan da Ermənistana illər ərzində məhz bu siyasəti təklif edirdi ki, ən azından tranzit ölkə kimi proseslərdən uduşlu çıxsın. Digər tərəfdə, Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətlərini daha da dərinləşdirdiyinin şahidiyik. Bu baxımdan xarici işlər naziri Ceyhun Bayramovun həmkarı Van İ ilə görüşü xüsusi diqqət çəkir. Bu görüş Azərbaycanla Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcəksə, həm də regional və beynəlxalq məsələlərə baxışda tərəflərin ortaq baxışlarını müəyyənləşdirməyə kömək edəcək. Təbii ki, Azərbaycan bölgədə sülh və sabitliyin qalıcı olmasında maraqlıdır. Bunu artırmaq üçün layihələri və əməkdaşlığı təklif edir. Dəyişməz bir reallıq və imperativ var ki, bu gün dövlətlər güclü olmalıdır.
İlk öncə öz sərhədləri boyu təhlükəsizliyi və dövlət kimi legitimliyini qoruyub saxlamaq məsələsində son dərəcələ qətiyyətli, prinsipial mövqə sərgiləməlidirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu bütün tərəflərə əməkdaşlıq təklif edir. Bu istiqamətdə Azərbaycan hətta əzəli və əbədi rəqiblər arasında uzlaşdırıcı aktor qismində çıxış edir."
İBRAHİM MƏMMƏDLİ