Qrenlandiya kartı: ABŞ təzyiqi qarşısında Danimarkanın seçimi qalmır – ÖZƏL

"Amerika Birləşmiş Ştatlarının Qrenlandiya ilə bağlı son dövrlər artan təhdid və tələbləri fonunda Danimarkanın bu məsələdə güzəştə getməkdən başqa real alternativlərinin məhdud olduğu aydın görünür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçinin fikrincə, Qrenlandiya məsələsinə görə ABŞ ilə onun avropalı müttəfiqləri arasında ciddi fikir ayrılığı yaranmayacaq və ya bu mövzu  onları   ikitərəfi dost və müttəfiqdən düşmənə çevirməyəcək. Bu ssenari real deyil və proses, elə  ABŞ rəsmilərinin də vurğuladığı kimi, qarşılıqlı anlaşma əsasında baş tutacaq. Danimarka tərəfinin "qırmızı cizgilər" ifadəsini səsləndirməsi isə, daha çox bu ölkənin siyasi mövqeyini və milli qürurunu qorumağa hesablanmış bir blefdir. Çünki söhbət hazırda beynəlxalq birlik tərəfindən Danimarkanın ərazisi kimi tanınan Qrenlandiya üzərində əsas söz sahibi olma hüququnun faktiki olaraq Danimarkadan Amerika Birləşmiş Ştatlarına ötürülməsindən gedir.

"Formal baxımdan Qrenlandiyanın Danimarkanın tərkibində qalması və ya müstəqil dövlətə çevrilməsi, ABŞ-nin bütövlükdə Arktikada təhlükəsizlik və milli maraqlarının təmin edilməsi baxımından ciddi maneə yaratmayan istiqamətdə inkişaf edir. Əslində, Amerika rəsmilərinin Avropa tərəfinə izah etməyə çalışdığı əsas məqam da budur: regionda ABŞ-nin ənənəvi və yeni rəqibləri getdikcə daha çox üstünlük qazanır və gələcək mərhələdə bu üstünlüyü daha da artıra bilərlər. Burada söhbət Arktikanın böyük bir hissəsi ilə quru sərhədlərinə malik olan Rusiya Federasiyasından və Çin Xalq Respublikasından gedir. Bu kontekstdə, mənə elə gəlir ki, təkcə Qrenlandiyanın deyil, hətta özünün suveren dövlət kimi təhlükəsizliyini ABŞ-dən kənar, yalnız Avropa İttifaqı çərçivəsində təmin etmək iqtidarında olmayan Danimarkanın, ABŞ-nin təhlükəsizlik və milli maraqlarla əsaslandırdığı tələblər qarşısında geri çəkilməsi daha real və qaçılmaz görünür", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Avropa İttifaqına üzv ölkələrin təhlükəsizliyi və sabitliyinin əsas təminatçısı məhz Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-nin aparıcı rol oynadığı NATO da bu təhlükəsizlik arxitekturasının əsas sütunudur. Bu baxımdan, Danimarkanın "qırmızı cizgilər" ifadəsi daha çox dövlətin və krallıq ailəsinin siyasi nüfuzunu və qürurunu qorumaq məqsədilə irəli sürülmüş bir mövqedir. Əslində isə bu məsələdə əsas qırmızı cizgilər Amerika Birləşmiş Ştatlarına məxsusdur və  ABŞ-nin həmin qırmızı cizgiləri daxilində Danimarkanın, Qrenlandiyanın və bütövlükdə Avropanın təhlükəsizliyi və sabitliyi də yer alır. Amerikanın adanı milli maraqları və təhlükəsizlik səbəbləri ilə nəzarətə götürməsi nə Avropa İttifaqı üçün, nə Danimarka üçün, nə də Qrenlandiya üçün real təhlükə və problem yaradır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31