Vaşinqtonun hədəfi Tehran: real savaş yox, göstəriş gücü- ÖZƏL
15:44 SiyasətABŞ prezidenti Donald Tramp bildirib ki, "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərliyi ilə böyük hərbi donanma İran istiqamətinə hərəkətə başlayıb və Tehrana dərhal danışıqlara başlamaq çağırışı edilib. Əks halda, daha ağır hərbi əməliyyatların ola biləcəyi və əsas tələbin İranın nüvə silahından tam imtina etməsi olduğu vurğulanıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Tramp İrana qarşı real müharibəyə girməkdən çox, güc tətbiqi ehtimalını önə çəkərək Tehranın nəbzini yoxlayır və təzyiq yolu ilə tələblərinə nail olmağa çalışır:
" Amerika Birləşmiş Ştatlarının İranla total bir müharibəyə girəcəyini düşünmürəm. Əlbəttə, Abraham Lincoln aviadaşıyıcısının Fars körfəzinə istiqamətlənməsi, Trampın İrana müdaxilə ilə bağlı bəyanatlar verməsi və İranı blokadaya almaq niyyəti ciddi hadisələrdir. Amma İranla müharibə elə də bəsit məsələ deyil. Bu, geniş coğrafiyaya malik, sərt iqlimi və mürəkkəb relyefi olan bir ölkədir. Belə bir şəraitdə Vaşinqtonun Tehrana genişmiqyaslı hərbi müdaxiləsi çətin görünür.
Söhbət nədən gedə bilər? Məsələn, aviasiya zərbələri, pilotsuz uçuş aparatları ilə hücumlar mümkündür. Amma quru qoşunlarının əməliyyata qoşulması, xüsusilə də total hərbi müharibənin baş verməsi mənə inandırıcı gəlmir. Bu, olduqca baha başa gələn bir prosesdir.
İkincisi, bu addım Amerikanı İranda Əfqanıstan ssenarisi ilə üz-üzə qoya bilər. Düşünürəm ki, Tramp hazırkı mərhələdə sadəcə İrana qarşı qərarlı olduğunu nümayiş etdirmək istəyir. O, real güc tətbiqi ehtimalını ön plana çıxararaq öz tələblərinə nail olmağa çalışır. Hesab edirəm ki, bu mərhələdə Tramp İranın nəbzini yoxlayır. Amma dediyim kimi, klassik mənada bir müharibənin olacağını düşünmürəm. Olsa belə, ən yaxşı halda bu, dron hücumları, aviasiya zərbələri və İranın ali rəhbərliyini hədəf alan bir əməliyyat ola bilər".
Zeynəb Mustafazadə