Faktlara kor qalan AŞPA: Qərəzli qətnamənin arxasındakı yanlış statistika – ÖZƏL
15:33 SiyasətAvropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edərək, 23 nəfər "erməni məhbus"un azad edilməsini tələb edib. Lakin qətnamədəki rəqəmlər qurumun faktlardan nə qədər uzaq olduğunu bir daha sübut edir.
Belə ki, Azərbaycanın sonuncu humanitar addımı nəticəsində 4 məhbus Ermənistana təhvil verilsə də, AŞPA bu azalmanı nəzərə almayaraq köhnə və yanlış statistikaya istinad edib.
"Təəssüf ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yenə də öz ampluasındadır. Heç bir faktı yoxlamadan, heç bir fakta istinad etmədən, əsas məqsədi doğruluğu şübhə doğuran, hətta açıq-aşkar yanlış məlumatlar üzərindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməkdir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, məqsəd Azərbaycanın apardığı müstəqil xarici siyasətə kölgə salmaqdır. AŞPA Azərbaycanla bağlı hər şeyi qara rəngdə görür və ikili standartlardan çıxış edərək ölkəmizə qarşı qərəzli yanaşma sərgiləyir.
Təəssüf doğuran digər məqam isə ondan ibarətdir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da orada çıxış edib. Mirzoyan çıxışı zamanı "23" deyil, "19" rəqəmini səsləndirib. Heç olmasa onun çıxışına diqqət yetirib rəqəmi düzgün qeyd edə bilərdilər. Mirzoyan bildirib ki, dörd nəfər azad edilib və guya Azərbaycanda daha 19 nəfər saxlanılır, onların da azad olunacağını gözlədiklərini deyib.
Ekspertin fikrincə, Mirzoyan bununla çox ciddi səhvə yol verir. Azərbaycan ərazi bütövlüyünə qarşı cinayətlər törətməkdə, Azərbaycan xalqına qarşı ağır cinayətlərdə, o cümlədən soyqırımı, separatizm və terrorçuluqda ittiham olunan şəxsləri azad etməyəcək. Bunu istər Avropa Şurası desin, istər Mirzoyan, istərsə də başqa hər hansı bir tərəf - Azərbaycanın bu məsələdə mövqeyi dəyişməzdir. Təəssüf ki, Mirzoyan çıxışı zamanı Avropa İttifaqının missiyası ilə bağlı da fikirlər səsləndirib və onların regionda qalmasının, hətta sərhədlərin müəyyən hissələrinə yerləşdirilməsinin mümkünlüyünü iddia edib. Bu isə Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh müqaviləsinin prinsiplərinə tamamilə ziddir. Çünki Ermənistan özü öhdəlik götürür ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan sərhədlərində heç bir xarici hərbi və ya mülki missiya yerləşdirilməyəcək. Bir daha qeyd etmək lazımdır ki, Mirzoyanın öz çıxışında səsləndirdiyi "19" rəqəmi açıq şəkildə ortadadır və AŞPA istəsəydi, heç olmasa bu məsələdə faktlara əsaslana bilərdi.
"Azərbaycan üçün bu tip bəyanatların və qətnamələrin hər hansı siyasi və ya hüquqi əhəmiyyəti yoxdur. Birincisi, Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq AŞPA-nın öz qərəzli mövqeyi ucbatından dayandırılıb, bu Azərbaycanın qərarı deyil. İkincisi, AŞPA tərəfindən qəbul edilən bu cür qətnamə və bəyanatlar Azərbaycan üçün növbəti dəfə əhəmiyyət daşımayan sənədlərdir və Azərbaycanın onlardan irəli gələn hər hansı öhdəliyi mövcud deyil. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, Azərbaycan qərəzli, ikili standartlara əsaslanan və ölkəmizə qarşı yönəlmiş qətnamələri qəbul etmir və bundan sonra da belə sənədlər Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyəcək", - deyə ekspert sonda əlavə edib.
Lamiyə Cəbrayılova