Regional maraqlar və fikir ayrılığı: İran məsələsi ərəb dövlətlərini çətin vəziyyətə qoyur- ÖZƏL

ABŞ-ın İran ətrafına hərbi qüvvə toplaması ehtimalı ərəb və islam ölkələri arasında ciddi parçalanmanı göstərir: Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər müdaxiləyə qarşı çıxsa da, BƏƏ və İordaniya dəstəkləyir. Bu ziddiyyətlər Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının təsir gücünü və regional ortaq mövqenin olmadığını ortaya qoyur.
Bütün bunların fonunda, İƏT-in, ƏDL-in gələcəyi necə görünür? Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" İrana qarşı artıq bir müddətdir hərbi müdaxilənin baş verməsi ehtimalı ciddi müzakirələrə səbəb olur və bu istiqamətdə müxtəlif fikir ayrılıqları mövcuddur. Xüsusilə ərəb dünyasında biz bunu görürük. Ərəb ölkələrini bir neçə istiqamətə bölmək olar. Məsələn, Səudiyyə Ərəbistanı və Qətər bu müdaxiləyə qarşı çıxırlar, çünki anlayırlar ki, hərbi müdaxilə bir sıra geosiyasi çətinliklərə yol aça bilər. İranı Suriyanın ssenarisi gözləyə bilər, etnik-milli  və qaçqın, miqrasiya problemləri yarana bilər. Qardaş Türkiyə də eyni mövqedən çıxış edir.
Lakin hərbi müdaxilənin tərəfdarı olan dövlətlər də var. Onlardan biri BƏƏ, digəri isə İordaniyadır. İordaniya məhz qonşuluq siyasəti baxımından, İran dövlətində cərəyan edən şiəçilik məzhəbinin İordaniyanı da əhatə etməsi və ya oradan İordaniya üçün müəyyən təhlükələrin olması səbəbindən bu mövqeyi tutur. Eyni zamanda, İsrail və ABŞ ilə əlaqələr burada həlledici rol oynayır.
Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası ərəb ölkələri arasında müxtəlif düşüncələrin olmasını, əsasən milli maraqlara söykənən fərqlilikləri əks etdirir. Hər bir dövlət müasir beynəlxalq münasibətlər sistemində öz maraqları kontekstində müəyyən məsələləri şərh, analiz edir və buna öz milli maraqlarından çıxış edərək yanaşır. Məhz bu fikir ayrılıqları həm də beynəlxalq və regional təşkilatlara köçürülür. O cümlədən, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında da müəyyən ziddiyyətləri görürük. Amma dünya siyasəti də bu cür ziddiyyətli, kəskin, bəzən də uyğunlaşan rejimdə özünü göstərir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31