Bəhruz Quliyevdən Berlin təhlili: "Sülh prosesi beynəlxalq legitimlik qazanır" – ÖZƏL

"Əvvəlcə qeyd edim ki, Berlində Alman Parlament Cəmiyyətində keçirilən və mahiyyət etibarilə siyasi mesaj daşıyan bu tədbir ilk növbədə onu göstərdi ki, Azərbaycan-Ermənistan sülh prosesi artıq regional çərçivəni aşaraq Avropa siyasi gündəminin real mövzusuna çevrilib. Almaniya kimi Avropa İttifaqının aparıcı dövlətinin bu prosesi açıq şəkildə dəstəkləməsi sülh təşəbbüsünə beynəlxalq legitimlik qazandırmaqla yanaşı, onun geriyə dönüşsüz xarakter aldığını da nümayiş etdirir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Almaniyanın xarici işlər nazirinin sülh prosesində əldə olunan nəticələri "Avropa tarixində mühüm hadisə" kimi qiymətləndirməsi təsadüfi deyil. Bu, faktiki olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, ərazi bütövlüyünün bərpasının və Azərbaycanın sülh gündəliyinin Avropanın aparıcı paytaxtlarında qəbul edildiyini göstərir. Belə bir mövqenin Almaniya tərəfindən səsləndirilməsi digər Avropa ölkələri üçün də siyasi orientir rolunu oynaya bilər.
Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetin sülhün Avropa üçün yeni nəqliyyat və iqtisadi imkanlar açdığına dair fikirləri isə prosesin geosiyasi dərinliyini açıq şəkildə ortaya qoyur. 

"Onu da deyim ki, Cənubi Qafqaz artıq münaqişə ocağı deyil, bu gün Avropa-Asiya arasında yeni logistika, enerji və ticarət marşrutlarının formalaşdığı strateji məkandır. Bu reallıqda Azərbaycan əsas tranzit və siyasi sabitlik təminatçısı kimi çıxış edir. Avropanın regiona artan marağı fonunda Azərbaycan bir neçə mühüm strateji üstünlük əldə edir. Birincisi, Bakı sülh prosesinin əsas təşəbbüskarı və aparıcı tərəfi kimi mövqeyini möhkəmləndirir. İkincisi, ölkəmiz Avropa üçün etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı statusunu gücləndirir. Üçüncüsü isə, Azərbaycan regional proseslərdə vasitəçi deyil, gündəm müəyyən edən aktor kimi qəbul olunur", - deyə B. Quliyev əlavə edib.

Ekspert qeyd edib ki, indiki dövrdə Almaniyanın bu səviyyədə açıq və siyasi çəkisi olan dəstəyi sülh prosesinin davamlılığını artırır, beynəlxalq zəmanət mexanizmlərini gücləndirir və Ermənistan üçün də geriyə dönüş imkanlarını minimuma endirir. Bu, Azərbaycanın uzunmüddətli strateji xəttinin, yəni müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa keçid siyasətinin beynəlxalq miqyasda təsdiqi deməkdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31